Rusiya Dövlət Duması federal istintaq təcridxanalarına nəzarətin Federal Penitensiar Xidmətdən Federal Təhlükəsizlik Xidmətinə (FSB) verilməsini nəzərdə tutan qanun layihəsini təsdiq etməyə hazırlaşır.
Yenicag.az xəbər verir ki, bu barədə “Nezıqar” “Telegram” kanalı məlumat yayıb.
Kanalın məlumatına görə, bu dəyişiklik Rusiya təhlükəsizlik sistemində Ədliyyə və Daxili İşlər Nazirliklərinin təsirini azaldaraq, eyni zamanda da dövlətin təhlükəsizlik aparatı üzərində FSB-nin təsirini daha da gücləndirəcək.
Bildirilir ki, Ukraynadakı “xüsusi hərbi əməliyyatlar” (Специальная военная операция – red.)Rusiya siyasi elitasını dəyişir. Hazırda isə Kremlin qüllələrində SVO-nun təsiri nəticəsində yeni fraksiyalar yaranır.
Bu fraksiyalar üç qrupa bölünür: bunlara “Çinyönümlü qrup”, “Qərbyönümlü qrup” və “Prezident qrupu” daxildir. Bu üç qrup Rusiyanın yalnız daxili siyasətini yox, həm də onun xarici siyasətə baxışını müəyyən edəcəklər.
“Çinyönümlü qrup” Çinlə iqtisadi əməkdaşlığı gücləndirməyə və Qərbdən maksimum uzaqlaşmaya mərc edir. Onun əsas maraqları enerji və maliyyə sektorları, müdafiə sənayesi və nüvə enerjisidir. Bu qrupa İqor Seçin (“Rosneft”), Viktor Zubkov (“Gazprom”), Yuri və Mixail Kovalçuk (nüvə enerjisi və Şimal dəniz yolu), Sergey Kiriyenko, Andrey Kostin (Bank VTB), Mixail Mişustin, Sergey Şoyqu və Nikolay Patruşev daxildir ki, onlar ABŞ ilə ideoloji qarşıdurmaya daha çox diqqət yetirirlər. Qrup çoxqütblü dünya olan Çinin mövqeyini gücləndirməyi və ABŞ-nin qlobal iqtisadiyyata təsirini zəiflətməyi müdafiə edir.
“Amerikanpərəst qrup” isə Vaşinqtonla əlaqələrin bərpasını Çinin təsirini tarazlaşdırmaq və sanksiyaların təzyiqini qismən yumşaltmaq yolu kimi görənləri birləşdirir. Buraya iri bizneslə bağlı fiqurlar, 90-cı illərin oliqarx strukturları və müəyyən siyasi dairələr daxildir. Bu qrupa Sergey Narışkin, Roman Abramoviç, Mixail Fridman, həmçinin mərhum Vladimir Koqanın biznes dairəsi daxildir. Qrup ABŞ ilə iqtisadi münasibətləri qismən normallaşdırmaq imkanına ümid edərək Donald Trampa və onun əlaqələrinə ümid edirlər. Onların məqsədi əvvəlki modelə tam qayıtmaq deyil, aktivlərin qaytarılmasına, maliyyə dəhlizlərinin açılmasına və Rusiyanın qlobal iqtisadiyyatın yeni arxitekturasına inteqrasiyasına imkan verəcək məqsədyönlü sazişlərdir.
Kanalın analitiklərinin fikrincə, Qərbə qarşı radikal fikirlərinə baxmayaraq, Rusiyanın sabiq prezidenti və Baş naziri, hazırda isə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev də məhz “Amerikayönümlü qrup”a daxildir.
Bundan başqa, “Nezıqar” əlavə edib ki, sonuncu “Prezident qrupu” suverenlik və multivektorizm ideologiyasına əsaslanır. Onun nümayəndələri Rusiyanın müstəqil kursuna alternativ görmürlər və ondan çıxış edirlər ki, istənilən strateji sazişlər milli maraqlara əsaslanmalıdır. Buraya karyerasını şəxsən Vladimir Putinə borclu olan və özünü Çin və ya Amerikanpərəst düşərgələrdə görməyənlər daxildir. Bu qrupa Sergey Çemezov (“Rostex”), Denis Manturov (Sənaye və Ticarət Nazirliyi), Andrey Belousov, Anton Vaino, Vyaçeslav Volodin, Anna Tsivileva, Tixonova çevrəsi, Kirill Dmitriev (RDIF), Viktor Zolotov, Boris və Arkadi Routenberq daxildir.
Əsas prioritet Rusiyanın suverenliyi, ABŞ və Çin arasında balansın saxlanması və strateji müstəqilliyinin qorunmasıdır. Onlar SVO məsələsində sərt danışıqlar mövqeyini, daxili iqtisadi proseslərə nəzarəti və hökumət institutlarının gücləndirilməsini müdafiə edirlər. Rusiya prezidentinin müşaviri, Dövlət Şurasının sədri, Putinin potensial varisi olan Aleksey Dumin də prezident qrupuna daxildir.
O nə Çin, nə də Qərb düsturunu üstün tutur və Rusiyanın heç bir tərəfi seçməməsini Rusiyanın əsas xarici siyasət prioriteti elan edir. Bu üç qrup arasında mübarizə və münasibətlər Rusiyanın gələcək daxili və xarici siyasətinin çərçivələrini müəyyən edəcək.
Rafi Müslümov
www.yenicag.az