Rusiya “Pervi kanal”ının aparıcısı Dmitri Kiselyov Ruben Vardanyanın saxlanması hadisəsini şərh edib.
Yenicag.az xəbər verir ki, Kiselyov “Həftənin xəbərləri” proqramında bildirib:
“Rəsmi İrəvan indi yardım üçün Rusiyaya üz tutur, lakin Ruben Vardanyan artıq rusiyalı olmadığı üçün ona kömək etmək imkanlarımız məhdudlaşıb. Amma hər şeyə baxanda saxlanılan şəxsə kömək etmək pis olmazdı, çünki Bakı şəhəri Səbail rayon Məhkəməsinin qərarı ilə Ruben Vardanyan barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib və onu “terrorizmin maliyyələşdirilməsi” maddəsi ilə 14 ilədək həbs cəzası gözləyir”.
Aparıcının sözlərinə görə, Ermənistanın Baş naziri Nikol Paşinyan Ruben Vardanyana kömək etməyə tələsmir, çünki Vardanyan onun üçün güclü siyasi rəqibdir:
“Amerikalılara da Vardanyanın azad olması lazım deyil. Ruben Vardanyanın həyatı və bütün ümidləri indi yalnız bir şəxsə – Azərbaycan Prezidenti İlham Əliyevlə bağlıdır. Məhbusu yalnız yaxşı məqamda əfv etmək onun səlahiyyətindədir. Əliyev artıq Qarabağ oyununda qalib gəlib və Vardanyan ona heç bir təhlükə yaratmır. Güclü mövqedən belə təsirli jest nəciblik və tolerantlıq rəmzi kimi, hətta Azərbaycan xalqının dəstəyini də ala bilər. Ancaq bunu tövsiyə etmək çətindir. Vardanyanı çətin məhkəmə prosesi gözləyir”.
www.yenicag.az