Rusiyanın başlatdığı savaşın YAYILMA EHTİMALI: Bəşəriyyət 3-cü Dünya müharibəsinə sürüklənir?

media-hightechnic-468x90

“Zelenski söz ustalığını nümayiş etdirsə də, bu müharibə tezliklə dayanmayacaq”.

Bu fikirləri Ukrayna Prezidenti Vladimir Zelenskinin Rusiyanın Donbası heç vaxt ələ keçirə bilməyəcəyi yönündəki fikirləri barədə danışan politoloq Tofiq Abbasov Yenicag.az-a açıqlamasında deyib.

T.Abbasov bildirib ki, Avropa ölkələri Ukraynaya verdikləri vədi tamamilə yerinə yetirə bilməyib:

“Zelenski ifadələrində daha çox söz oyununa diqqət yetirir. Müharibənin elə qanunları var ki, onları aşmaq mümkünsüzdür. Məsələ orasındadır ki, Ukraynanın vəziyyəti günü-gündən çətinləşir. Rusiya özünün çox möhkəm və geniş resurs bazasına güvənir.

Ümumiyyətlə, müharibəni aparan tərəf gərək bilsin ki, strateji resurslar tez tükənir, onları bərpa etmək üçün ehtiyat variantlar gərək həmişə nəzərdə tutulsun, digər tərəfdən müttəfiqlərin olması vacib rol oynayır. Mənə elə gəlir ki, Rusiyanın müttəfiqlərinin sayı Ukraynanın müttəfiqlərinin sayından qat-qat azdır, amma buna baxmayaraq, Rusiya, ilk növbədə, öz imkanlarına güvənir, digər tərəfdən isə bəzi ölkələr də ona kömək edirlər və bu yaxınlarda ŞƏT sammitində Putinin Çin rəhbəri ilə geniş söhbətləşmələri oldu və Çin Rusiyaya kömək vədi verdi. Digər müttəfiqlərinin arasında isə Şimali Koreya, İran və digər dövlətlər var ki, onlar Rusiyaya əməli dəstək göstərir. Bu ondan xəbər verir ki, Ukrayna “etibarnamə” ilə müharibə aparmaqdan yavaş-yavaş tükənməyə başlayıb. Çünki Qərb ölkələri, xüsusən Avropada yerləşən dövlətlər çox vədlər verdilər”.

Politoloq qeyd edib ki, müharibənin uzanması Ukraynanın əleyhinədir:

“Biz hazırda görürük ki, müharibənin uzanması heç də Ukraynanın lehinə deyil. Əksinə, Rusiyanın xeyrinədir. Rusiya bəlkə də bilərəkdən çox tələsmir, qarşı tərəfi haldan salır, onu dərin borclara girməyə vadar edir və nəhayət, görürük ki, Avropa ölkələrinin dəstəyi bir o qədər də tutarlı deyil. Onlar dildə Ukraynanı mütləq şəkildə dəstəkləyirlər, amma bu dəstək heç də strateji resursa çevrilə bilməz. ABŞ də Trampın dili ilə gah yardımı dayandırdığını deyir, gah da verəcəyini deyir. Onların Ukrayna ətrafında apardığı oyunlar hələ ki tam şəkildə dəstəyə çevrilə bilmir.

Belə fikirlər də var ki, Almaniya ilə Rusiyanın toqquşması meydana gələ bilər, Rusiya Avropanın bəzi ölkələrinə müqavimət göstərə bilər və s. Faktiki olaraq, görürük ki, Baltikyanı ölkələr öncədən neytral mövqe sərgiləyirdilərsə, indi onlar yavaş-yavaş Rusiya ilə düşmənçilik etməyə başlayıblar.

Düşünürəm ki, Zelenski söz ustalığını nümayiş etdirsə də, bu müharibə tezliklə dayanmayacaq. Bu ustalığı isə ona heç bir şəkildə üstünlük yaratmayacaq”.

Nurlan Cəfəri

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 09.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa