“Ermənistan Ukraynanın getdiyi yolu gedir, bəzən daha sərt addımlar atır”.
Bunu Yenicag.az-a açıqlamasında Rusiya ilə gərgin münasibətlər fonunda Ermənistana qarşı sanksiyanın tətbiq olunması ehtimalından danışan politoloq Abutalıb Səmədov deyib.
Onun sözlərinə görə, Ermənistan rəhbərliyinə indiyə qədər görülməmiş formada ünvanlanan sərt bəyanatlar, Kremlin İrəvana qarşı atacağı kəskin addımlardan xəbər verir.
“Bir sözlə, Rusiya və Ermənistan arasındakı bütün körpülər tamamilə yandırılıb. Nə İrəvan, nə də Kreml geriyə dönüş yolu qoymayıb. Hazırda ya Ermənistanda hakimiyyət dəyişməlidir, ya da münasibətlər ciddi şəkildə pozulmalıdır. Sadəcə Ukrayna ilə müharibə Rusiyanı müəyyən qədər çəkindirir, – deyə o bildirib.
Onun sözlərinə görə, iqtisadi sanksiyalar təbii olaraq Ermənistan üçün çox təhlükəlidir:
“Çünki xarici ticarət dövriyyəsinin 35%-i Rusiyanın payına düşür. Yəni Ermənistanın əsas ticarət tərəfdaşı məhz Rusiyadır. Əlavə olaraq, Ermənistanın strateji müəssisələri Rusiyanın nəzarətindədir. Eyni zamanda, Rusiyada milyonlarla erməni işləyir və ölkələrinə 4 milyard dollara yaxın vəsait göndərirlər. Bu isə erməni əhalinin dolanışığında həlledici rol oynayır. İş yerləri qıt olan Ermənistana Rusiyadan ermənilərin geri qaytarılmasının hansı problemlərə yol açacağını təsəvvür belə etmək olmaz.
Rusiya tərəfindən Ermənistana qarşı ilk növbədə iqtisadi sanksiyalar tətbiq olunsa da, hərbi müdaxilə istisna edilmir. Çünki Ermənistan Ukraynanın getdiyi yolu gedir, bəzən daha sərt addımlar atır. Qarşılıqlı olaraq Rusiya da addım atmaq məcburiyyətindədir. Əks halda, İrəvan Kremlin nəzarətindən çıxacaq və Rusiya özünün Cənubi Qafqazdakı forpostunu itirəcək”.
Nəsimi Ələsgərli
www.yenicag.az