Rusiyanın “kölgə tanker”ində İran izi: “Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir?

media-hightechnic-468x90

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 19-cu sanksiya paketi çərçivəsində rus neftini daşıyan “kölgə tanker” sisteminə qarşı yeni mərhələyə keçir.

Aİ-nin daxili sənədlərinə əsasən, sanksiya siyahısına əlavə 120 tanker daxil ediləcək və bununla da qara siyahıdakı gəmilərin ümumi sayı 568-ə çatacaq. Bu tankerlər üçün Aİ limanlarına giriş tam qadağan olunur, Avropa şirkətlərindən sığorta, texniki servis və bunker yanacağı almaq imkanları ləğv edilir.

Ən diqqətçəkən məqam isə ondan ibarətdir ki, bu 120 tankerdən 16-sı heç bir tanınmış dövlətin bayrağı altında üzmür. Məhz bu fakt Avropa ölkələrinə BMT-nin Dəniz Hüququ üzrə Konvensiyasının 110-cu maddəsinə əsaslanaraq həmin gəmiləri beynəlxalq sularda saxlamaq və müsadirə etmək hüququ verir. Aİ strukturları artıq Baltik dənizinə giriş nöqtələrində bu mexanizmin tətbiqi üçün hüquqi baza hazırlayır.

Sanksiyalar niyə indi sərtləşdi?

Əvvəlki sanksiyalar faktiki olaraq vəziyyəti dəyişməmişdi. “Kölgə tanker”lər əvvəldən də Aİ limanlarına daxil olmurdu və 1994-cü il BMT Konvensiyası, eləcə də 1857-ci il Kopenhagen müqaviləsi ilə qorunan “dinc keçid” hüququndan istifadə edərək Baltik dənizi sularından sərbəst keçirdilər. Yeni mərhələdə isə əsas hədəf məhz bayraqsız, sahibsiz və hüquqi statusu qeyri-müəyyən gəmilərdir.

Bu addım Rusiya “kölgə donanması” ilə bağlı artan risklər – neft sızmaları, dənizaltı kabellərin zədələnməsi, eləcə də potensial diversiya təhlükələri fonunda atılır.media-img-20260127-wa0008
İran izi: Şəmxani ailəsinin tanker imperiyası

Araşdırmalar göstərir ki, sanksiya siyahısına düşən 16 bayraqsız tankerdən biri – “Briont” adlı tanker (IMO 9252955) birbaşa İran əlaqələri ilə bağlıdır. Məlum olub ki, bu tanker İranın ali dini liderinin müşaviri, Milli Təhlükəsizlik Şurasının keçmiş katibi admiral Əli Şəmxaninin oğlu Məhəmməd Hüseyn Şəmxaninin nəzarətində olan şəbəkəyə daxildir.media-images

Ukraynanın Baş Kəşfiyyat İdarəsinin “War & Sanctions” portalına görə, “Briont” tankeri Baltik dənizi limanlarından Rusiya nefti və neft məhsullarını daşımaqda istifadə olunub. Gəmi müxtəlif dövrlərdə marşrut, bayraq və operator dəyişməklə izləmədən yayınmağa çalışıb.

ABŞ-nin SB0215 sanksiyaları: konkret rəqəmlər

2025-ci il 30 iyul tarixində ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) Şəmxani ailəsinə bağlı şəbəkəyə qarşı ən genişmiqyaslı sanksiya paketini elan edib.

Rəsmi açıqlamaya əsasən, bu paket çərçivəsində 50-dən çox fiziki və hüquqi şəxs, 50-dən artıq tanker və yük gəmisi,
onlarla offşor və idarəetmə şirkəti sanksiya siyahısına salınıb.

OFAC bildirir ki, bu şəbəkə İran və Rusiya neftini gizli yollarla dünya bazarına çıxararaq on milyardlarla dollar gəlir əldə edib. Gəlirlərin əsas istiqaməti Çin bazarı olub. ABŞ Maliyyə Nazirliyinin qiymətləndirməsinə görə, bu vəsaitlərin bir hissəsi İran rejiminin regional və hərbi fəaliyyətlərinin maliyyələşdirilməsinə yönəldilib.media-img-20260127-wa0007

Tankerlər, nömrələr və konkret marşrutlar

“Briont” tankeri bu şəbəkənin yalnız bir hissəsidir. “Zulu Ships Management”in kommersiya idarəsində olan və “Fractal Marine DMCC” ilə əlaqələndirilən digər tankerlər arasında aşağıdakı IMO nömrələri açıq mənbələrdə göstərilir: 9433016, 9387279, 9336490, 9332315, 9328170, 9298492, 9282493, 9282481 və 9252955.

Bu gəmilər mütəmadi olaraq Baltik dənizi, Qara dəniz, eləcə də Rusiyanın neft limanlarına daxil olub. IMO 9332315 və IMO 9298492 nömrəli tankerlərin isə Krımın Komış-Burun limanına giriş etdiyi qeyd olunur.media-img-20260127-wa0010
Azərbaycan bağlantısı: “Zulu Shipping” və İsmayıl Qasımov

Şəmxani şəbəkəsinin idarəetmə hissəsində Azərbaycan bağlantısı xüsusi diqqət çəkir. BƏƏ-də qeydiyyatdan keçmiş “Zulu Shipping LLC” və “The Zulu Ships Management and Operation – Sole Proprietorship LLC” faktiki olaraq eyni struktura bağlıdır. Hər iki şirkət eyni domeni – zulushipping.com istifadə edir, lakin sayt hazırda fəaliyyət göstərmir.

“LinkedIn” və ixtisaslaşmış bazalara görə, bu şirkətin maliyyə və kommersiya direktoru İsmayıl Qasımovdur. O, daha əvvəl “SOCAR Polymer” şirkətində çalışıb, Qafqaz Universitetini bitirib və Türkiyədə magistratura təhsili alıb. Şirkətin rəhbərliyində həmçinin Aygün CəfərovaZakir Əliyevin adları keçir. Təsisçi və baş direktor isə Zamiq İsmayılovdur.

“Zulu Shipping” bir müddət Bakıda – Ziya Bünyadov prospekti 706B ünvanında ofis açsa da, sonradan bu nümayəndəlik bağlanıb və fəaliyyət Əbu-Dabiyə köçürülüb.
media-tilting-angel-ship
“Angel” hadisəsi və 1,5 milyon dollarlıq qalmaqal

2023-cü ilin iyulunda Palau bayrağı altında üzən “Angel” konteyner gəmisi Tayvan sahillərində batdı. Tayvan hakimiyyəti dəniz mühitinə dəyən zərərə görə 1,5 milyon dollar kompensasiya tələb etdi. Gəmidə çalışan Azərbaycan vətəndaşı olan heyət üzvlərinin müqavilələrinin “Zulu Shipping” MMC ilə bağlandığı ortaya çıxdı.

İşəgötürən və sığorta şirkəti ödənişdən imtina etdi, nəticədə heyət üzvlərinin maaşları kəsildi. Yalnız Azərbaycan Xarici İşlər Nazirliyinin müdaxiləsindən sonra 16 nəfərlik heyət ölkəyə qaytarıldı. Kapitan və iki zabit isə 2024-cü ilin yanvarına qədər Tayvanda saxlanıldı.

“Kölgə tanker” sistemi təkcə Rusiya nefti ilə məhdudlaşmır

Ortaya çıxan faktlar göstərir ki, “kölgə tanker” sistemi təkcə Rusiya nefti ilə məhdudlaşmır. Bu sistem İran rejiminin elit ailələri, onlarla tanker, 50-dən çox şirkət, on milyardlarla dollar dövriyyə və Azərbaycan da daxil olmaqla, müxtəlif ölkələrdən olan menecerlərlə idarə olunan çoxqatlı bir şəbəkədir. Avropa və ABŞ-nin paralel şəkildə sanksiyaları sərtləşdirməsi isə bu mexanizmin artıq əvvəlki kimi rahat işləməyəcəyini göstərir.

Camal Cavanşir

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 26.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa