“Cəmi 3117”: İranda rəqəmlər altında ölən insanlıq və sızlamayan vicdanlar…
Dünya bəzən o qədər soyuq olur ki, minlərlə insanın canı bir masa arxasında oturan rəsmi şəxslərin dilində sadəcə bir rəqəmə çevrilir. Məsələn, İran XİN nümayəndəsi İsmayıl Bəqai çıxıb soyuqqanlılıqla və utanmadan deyir: “30 min deyil, cəmi 3117 nəfər ölüb”. Cəmi bir saniyəlik sükut…
“Cəmi” üç min yüz on yeddi nəfər? Bu ifadənin içindəki o amansız rahatlığı hiss edirsinizmi? Sanki söhbət bir anbarın çatışmayan malından, sanki küləyin sovurduğu qum dənələrindən gedir.
Üç min yüz on yeddi nəfər… Bu, üç min yüz on yeddi dəfə dünyanın sonu deməkdir.
Bu rəqəmin arxasında neçə yarımçıq qalmış sevgi məktubu, neçə soyumuş çay stəkanı var, bilirsinizmi?
- Üç min yüz on yeddi ananın ürəyinə əbədi bir dağ çəkildi;
- Üç min yüz on yeddi uşağın “ata” və ya “ana” deyən səsi divarlarda əks-səda verib cavabsız qaldı;
- Üç min yüz on yeddi yastıq indi yetimdir, üç min yüz on yeddi qapı bir daha heç vaxt o tanış addım səsləri ilə döyülməyəcək.
Bəqai o rəqəmi tələffüz edərkən, bəlkə də, fərqində deyildi: O, sadəcə statistika demirdi, o, üç min yüz on yeddi ailənin ümidlərinin qəbrini qazırdı.
Niyə belədir? Niyə Qərbdə bir canın itməsi bütün bəşəriyyətin matəminə çevrilir, amma bizim coğrafiyamızda minlərlə insanın qanı sadəcə xəbər lentlərində “düzəliş” mövzusu olur?
Qərbdə bir nəfər ölsə, onun uşaqlıq xəyallarından, sevdiyi rənglərdən, bəslədiyi pişikdən danışarlar. Onu “insan” kimi ağlayarlar. Amma bizdə… bizdə insanlar rəqəmlərə sığışdırılır. Şərqin taleyi budurmu? Öləndə adımızı itirib bir ədədə çevrilmək?
Bir nəfərin Qərbdə ölməsi – Faciə,
Min nəfərin Şərqdə ölməsi – Statistika.
Bu, vicdanın xəritə üzərində ikiyə bölünməsidir. Bu, insanlıq qürurunun ayaqlar altına atılmasıdır.
Təsəvvür edin, o “cəmi” deyilən üç min yüz on yeddi nəfərdən biri sizin dünyanızın mərkəzi olan insandır. O zaman da o nazirin sözləri belə asan səslənərmi? Bir ananın fəryadı qarşısında “rəqəmləri qarışdırmışıq, əslində, az adam ölüb” demək hansı vicdana sığar? Ölümün “azı” olarmı? Bir canın yoxluğu, bütün kainatın yoxluğu deyilmi?
İsmayıl Bəqailər rəsmi bəyanatlar verə bilərlər, rəqəmləri azaldıb “vəziyyəti idarə etdiklərini” düşünə bilərlər. Amma o üç min yüz on yeddi ailənin hər birinin qəlbində yanan o atəş, bütün dövlətlərin rəsmi kağızlarını yandırıb kül etməyə yetər.
İndi o üç min yüz on yeddi evin üzərində ağır bir sükut var. O sükut İran rəsmisinin sözlərindən daha uca səslə bağırır. O sükut deyir ki: Biz rəqəm deyilik. Biz can idik, eşq idik, ümid idik.
Şərqdə Günəş hər gün doğur, amma bəzi evlərə o işıq bir daha heç vaxt çatmayacaq. Və biz bu soyuq statistikaları dinlədikcə, əslində, ölənlərin yalnız o üç min yüz on yeddi nəfər olmadığını, həm də bizim insanlığımız olduğunu anlayırıq.
Nəhayət, rəsmi sənədlər bağlanacaq, nazirlər kürsülərindən enəcək və o soyuq statistikalar arxivlərin tozlu rəflərində itib gedəcək. Amma o üç min yüz on yeddi evdə hər axşam eyni dram təkrar olunacaq: Bir ana süfrəyə üç yox, iki boşqab qoyanda əlləri titrəyəcək. Bir uşaq qapının hər döyülməsində atasının gəlişini umub boşa çıxan ümidləri ilə boynunu bükəcək.
Bizim coğrafiyamızda ölüm rəqəmlərlə ölçülə bilər, amma yoxluq ölçülməzdir. Çünki üç min yüz on yeddi nəfər ölmədi… Üç min yüz on yeddi nəfər bir dəfə öldü, amma onların arxasınca qalan minlərlə insan hər gün, hər saniyə, hər nəfəsdə yenidən öləcək.
Və dünya sussa da, bu sükutun içində bir fəryad həmişə eşidiləcək: “Mənim dünyam o “üç min yüz on yeddi” rəqəminin içində dəfn olundu, bəs sizin vicdanınız hansı statistikanın altında qaldı?”
Amir Aqiloğlu












