Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

“Rusiyanın Suriya siyasətində ziddiyyətlər var” – Salih Yılmaz  

Reklam: High Technic

“İdlib üzrə razılaşmanın həyata keçirilməsi zamanı risklər yenidən ortaya çıxa bilər”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Suriyanın İdlib bölgəsi ilə bağlı Türkiyə və Rusiya arasında əldə olunmuş anlaşmanın həyata keçirilməsi imkanlarını dəyərləndirən Türkiyəli politoloq Salih Yılmaz deyib.

Salih Yılmazın sözlərinə görə, Kremlin bəzi addımları Rusiyanın Suriyadakı mövcudluğunun məqsədi haqqında müəyyən suallar doğurur:

“İdlibdə əldə olunmuş razılaşma hansı anlama gəlir? Sentyabrın 7-də baş tutmuş Tehran sammitində İdlibdəki vəziyyətlə bağlı razılaşma əldə olunsa da, bölgədəki radikal hərbi qruplaşmaların hansı yollarla tərksilah ediləcəyinə dair nə ortaq anlaşma, nə də bunu təmin edəcək mexanizm yoxdur.

Bu məsələlərə aydınlıq gətirilməsi üçün Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğanla Vladimir Putinin sentyabrın 17-də Soçidə keçirdikləri görüşdə isə İdlibdəki radikal hərbi qruplaşmaların tərksilah edilməsinə və bölgədəki Rusiya hərbi bazalarının mümkün hücumlardan qorunmasına yönəlik “yol xəritəsi” razılaşdırıldı.

Türkiyə ilə Rusiya arasında İdlib anlaşmasının əldə edilməsi ikitərəfli münasibətlərin gələcəyi baxımından çox mühüm əhəmiyyət daşıyır. Çünki Rusiya və Əsədin İdlibə hücumla bağlı birtərəfli qərarı Türkiyə ilə Əsəd qüvvələri arasında toqquşmalara gətirib çıxarmaqla yanaşı, Astana razılaşmasının pozulmasına səbəb olacaqdı.

Hələlik bu risklərin aradan qaldırıldığı qənaəti yaransa da, İdlib üzrə razılaşmanın həyata keçirilməsi zamanı o risklər yenidən ortaya çıxa bilər. Çünki ABŞ-ın terrorçu PKK-PYD-dən istifadə edərək, Suriyanın yeni Konstitusiyasının qəbulunu əngəlləmək ehtimalı yüksəkdir. Eyni zamanda, Əsədin seçkilərdən sonra hakimiyyəti təhvil verməkdən mümkün imtinası ölkənin dağılmasına səbəb olacaq. Hələlik isə ABŞ Suriyada münaqişənin davam etməsindən məmnun görünür.

Burada Rusiyanın Suriyada cərəyan edən bəzi proseslərə münasibətinə də toxunmaq lazım gəlir. Rusiyanın Suriya siyasətində ziddiyyətlər var və Kreml bunun səbəblərini ictimai rəyə izah edə bilmir. Konkret olaraq, Rusiyanın Əsədin hakimiyyətdə qalmasına tam dəstək verməsinə baxmayaraq, İsrailin Əsəd rejiminə hücumlarına səssiz qalması tək “beynəlxalq oyunçuları” yox, həm də region dövlətlərini düşündürür.

Kremlin ABŞ-ın Deyr-əs-Zora hücumu zamanı Rusiya hərbçilərinin həlak olmasına, həmçinin İsrailin hava hücumundan sonra rus təyyarəsinin Əsəd qüvvələri tərəfindən vurulmasına reaksiya verməsi Rusiyanın Suriyadakı mövcudluğunun məqsədi haqqında suallar doğurur”.

A.Zeynalov

www.yenicag.az

3156
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM