Rusiyanın “Tərk et, ya da döyüşə get” DİLEMMASI: Miqrantların aqibəti NECƏ OLACAQ?
“Rusiyada miqrant qəbulu qaçılmaz hala gələcək”.
Bu sözləri Yenicag.az-a açıqlamasında uzun illər Rusiyada yaşamış siyasi şərhçi, politoloq Fuad Abbasov bildirib.
Analitik son vaxtlar Rusiyada müxtəlif ölkələrdən gələn miqrantlara qarşı keçirilən sərt addımları şərh edib:
“Rusiyada miqrantlara qarşı həm ictimaiyyətdə, həm hakimiyyət orqanlarında uzun illərdən bu yana antipatiya mövcuddur. Bu antipatiya istər 90-cı illərin əvvəllərində, istərsə də 90-lardan sonra Rusiyada mafiyaların, banditlərin baş alıb getdiyi bir dönəmdə, eləcə də 2000-ci illərdə müxtəlif millətlərə qarşı belə bir antipatiya olub və davam etməkdədir. Günümüz Rusiyasında Ukrayna ilə müharibəni nəzərə alaraq ilk növbədə düşmən, əlbəttə, ukraynalılardır. Ukraynanı Rusiya bütün ictimaiyyətə faşist, terrorist, milliyyətçi imcini göstərməyə çalışır, amma uzun illər boyunca Rusiyada Qafqazdan gəlmiş qara saçlı, qara gözlü insanlar yad kimi təbliğ edilirdi. Bu insanlara qarşı bütün dövrlərdə həm yerli milliyyətçilər, həm də hakimiyyət orqanları tərəfindən müxtəlif təzyiqlər göstərilirdi”.
Politoloq Rusiya-Ukrayna müharibəsi davam etdiyi müddət ərzində miqrantlara qarşı sərt tədbirlərin davam edəcəyini bildirib:
“Hazırda da Ukrayna problemi gündəmdə olduğu vaxt ərzində qafqazlıların özgələşdirilməsi ikinci plana keçmişdi. Ukrayna müharibəsi davam etdiyi vaxt ərzində qafqazlılar qarşısında, eləcə də Orta Asiyadan gəlmiş insanlar qarşısında seçim qoyurlar. Seçimin qaydası isə belədir: tərk et ya da müharibəyə get. Başda azərbaycanlılar olmaqla heç kim müharibəyə gedib həyatını itirməyə, bunun da qarşılığında Rusiyadan yüz minlərlə rubl-a qədər vəsait almağı düşünmür. Hər kəs həyatını yaşamaq istəyir. Rusiyanın miqrantları belə bir seçim qarşısında qoyması onları Rusiyadan uzaqlaşdırır. Bu da Rusiya iqtisadiyyatının başlıca mühərriki olan miqrant qüvvəsini ölkədən uzaqlaşdırır”.
Siyasi şərhçi qeyd edib ki, bu hallar artdığı halda Rusiyada miqrant qəbulu qaçınılmazdır:
“Belə olduğu təqdirdə günlərin bir günü Rusiya özü məcburən digər ölkələrdən miqrant qəbul etməyə başlayacaq. “Tərk et, ya da müharibəyə get” siyasəti sadəcə Ukrayna müharibəsi davam etdiyi dönəmdə keçərli olacaq, müharibə bitdikdən sonra müvafiq qanunlarla Rusiya xaricdən miqrant qəbul etməyə başlayacaq”.
Nurlan Cəfəri