Rusiyanın yeni “isti dənizlərə çıxış” VARİANTI: Kreml indi də Misirlə kəllə-kəlləyə gəlir
Rusiyanın Sudanda hərbi-dəniz bazası qurması Misirdə ciddi narahatlıq yaradıb. Yenicag.az xəbər verir ki, 2020-ci ildə Moskva, Xartum və Qahirə arasında imzalanmış sazişin yenidən canlandırılması və Port Sudanın Qırmızı dəniz sahilində Rusiyanın yeni dəniz hərbi mərkəzinə çevrilməsi ehtimalı Misir tərəfindən həm strateji, həm də təhlükəsizlik baxımından risk kimi görülür.
Sudan ordusu 2023-cü ilin aprelindən davam edən, yüz minlərlə insanın ölümünə və milyonlarla insanın köçkün düşməsinə səbəb olan vətəndaş müharibəsində mövcudluğunu qorumağa çalışır. Silah və sursat çatışmazlığı, Qərb sanksiyaları və Hızlı Dəstək Qüvvələrinin xarici dəstək sayəsində güclənməsi fonunda ordu Rusiyanı “son can simidi” kimi görür. Razılaşmaya görə, Rusiya Port Sudanda 25 illiyə baza əldə etməsi müqabilində Sudana müasir hava hücumundan müdafiə sistemləri, döyüş təyyarələri, böyük həcmdə sursat və intensiv hərbi təlim vəd edir. Təxminən 300 rus hərbçisi və dörd hərbi gəmi, o cümlədən nüvə enerjili sualtı qayıqların yerləşdirilməsi nəzərdə tutulur.
Moskva üçün Port Sudan, Türkiyənin boğazları müharibə gəmilərinə bağlaması, Ukraynadakı müharibə və Tartusdakı mövqelərin zəifləməsi fonunda “isti sulara yeni çıxış” kimi dəyərləndirilir. Buradakı baza təkcə dayanacaq yox, həm də təmir mərkəzi, yanacaq və loqistika nöqtəsi, rabitəni pozma stansiyası rolunu oynaya bilər. Bu isə Rusiyaya Qırmızı dəniz və Hind okeanına daha davamlı və qalıcı çıxış imkanı verir.
Misir tərəfi isə bu planı öz milli təhlükəsizliyi və iqtisadi maraqları üçün birbaşa təhdid sayır. Sudan Misir üçün cənubdakı strateji sipər, Nil sularının qorunması baxımından həyati əhəmiyyətli qonşu kimi görülür. Qahirə uzun illərdir Kızıldəniz sahillərində və öz sərhədlərinə yaxın ərazilərdə xarici hərbi bazalara prinsipial şəkildə qarşı çıxır. 2017-ci ildə Sudanın Türkiyəyə Sevakin adasında hərbi-dəniz obyektləri qurmaq imkanı verməsi Misirdə kəskin reaksiya doğurmuşdu; 2020-ci ildə Rusiyanın Port Sudanda baza planına dair ilk xəbərlər zamanı da Misir kəşfiyyatı dərhal Xartuma izahat üçün getmişdi.
Bu gün Misirin narahatlığı bir neçə istiqamətdə cəmlənir: birincisi, Rusiyanın Sudan hakimiyyətinə birbaşa təhlükəsizlik zəmanəti verməsi Qahirənin Sudan üzərində tarixi təsirini zəiflədə və rolunu məhdudlaşdıra bilər. İkincisi, qlobal ticarətin təxminən 12 faizinin keçdiyi Qırmızı dəniz və Süveyş kanalı Misir iqtisadiyyatı üçün əsas gəlir mənbəyidir; burada Rusiyanın daimi hərbi mövcudluğu Moskvanın istəsə, bu nəqliyyat marşrutlarını izləmək və hətta təzyiq aləti kimi pozmaq imkanını gücləndirir. Üçüncüsü, ABŞ, Fransa və Çin bazalarının yerləşdiyi Cibutidən sonra Sudanda da Rusiya bazasının açılması Qırmızı dənizi böyük güclər arasında açıq rəqabət və gərginlik məkanına çevirə, regionu daha riskli və nəzarətsiz bir mübarizə sahəsinə sala bilər.
Nəticədə, Sudan ordusu üçün bu razılaşma qısa müddətli sağ qalma və dövlətin dağılmasının qarşısını almaq vasitəsi kimi görünürsə, Misir üçün uzunmüddətli strateji sabitlik, su təhlükəsizliyi, iqtisadi gəlirlər və regional nüfuzu üçün təhlükə kimi dəyərləndirilir. Bu ziddiyyətli mənafelər Port Sudan ətrafındakı razılaşmanı təkcə ikitərəfli deyil, Qırmızı dəniz və Afrika buynuzu uğrunda daha geniş geosiyasi mübarizənin bir hissəsinə çevirir.

Suriyalı siyasi şərhçi Abdulhadi Amiri bu məsələni Yenicag.az-a belə şərh etdi:
“Rusiyanın Sudanda hərbi baza açmaq planı Misiri haqlı olaraq narahat edir. Bu baza Qırmızı dənizdə, Süveyş kanalına gedən yolun yaxınlığında olacaq və bu da Misirin həm təhlükəsizliyinə, həm də ticarət yollarına təsir göstərə bilər.
Sudan rəhbərliyi müharibədə zəiflədiyi üçün Rusiyaya söykənməyə məcbur qalıb, Rusiya isə bunun əvəzində bölgədə uzunmüddətli hərbi mövcudluq qazanır. Nəticədə həm Qırmızı dənizdə qüvvələr balansı dəyişir, həm də Misirin cənubundan gələn strateji təzyiq artır”.
Amir Aqiloğlu












