“Rusiyaya qarşı Azərbaycana dəstək veririk”
“Azərbaycan ABŞ-la yaxından əməkdaşlıq etməklə yanaşı, İran və Rusiya kimi region dövlətlərini də çox qıcıqlandırmamağa çalışır”.
Bu açıqlama ilə ABŞ-ın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Komissiyasının (Helsinki Komissiyası) Azərbaycana həsr etdiyi dinləmələrdə çıxış edən amerikalı politoloq Brenda Şeyfer deyib.
ABŞ Qarabağla bağlı müzakirələrə başlayır
Tədbirə rəhbərlik edən senator Ben Kardin Azərbaycanı ABŞ-ın strateji müttəfiqi adlandırıb:
“Azərbaycan ABŞ-ın strateji müttəfiqidir. Təhlükəsizlik sahəsində ABŞ hərbi qüvvələri ilə birgə, Azərbaycan hərbiçiləri Əfqanıstanda xidmət edir. BMT Baş Assambleyasının sessiyasında Ukraynanın ərazi bütövlüyünə dair səsvermədə ABŞ-ın mövqeyini dəstəkləmiş bir ölkədir. İqtisadi baxımdan zəngin olan Azərbaycan neft sektorunda önəmli mövqedədir. Həmçinin, mineral ehtiyatların hasilatı (EITI) üzrə sənaye sahələrindən əldə olunan gəlirlərin şəffaf idarə edilməsində Azərbaycan ilk ölkələrdən birinə çevrilib. Ukrayna hadisələri ilə yanaşı, Azərbaycana səfərimiz zamanı dondurulmuş münaqişələr, xüsusilə Dağlıq Qarabağ münaqişəsi haqda müzakirələr aparmaq gündəmimizdədir”.
ABŞ rəsmisi: “Rusiyaya qarşı Azərbaycana dəstək veririk”
ABŞ Dövlət katibinin Avropa və Avrasiya işləri üzrə köməkçisinin müavini Erik Rubin isə Azərbaycanın ABŞ üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib:
“Azərbaycan ilə əməkdaşlığımız ABŞ üçün çox önəmlidir. İyirmi ildən çoxdur demokratik, firavan və təhlükəsiz cəmiyyətin qurulması üçün ABŞ Azərbaycanla birgə səylər göstərir. Azərbaycan NATO və ABŞ-ın Kabuldan Kosovoyadək əsas müttəfiqlərindən biridir. Hazırda Azərbaycanın 94 nəfərdən ibarət hərbi birləşməsi Əfqanıstanda xidmət edir və 2014-cü ildən sonra da orada xidmətlərini davam etdirmək niyyətindədirlər. Azərbaycan Şimal Təchizat Şəbəkəsində (NDN) əsas bağlayıcıdır. Əfqanıstan ərazisinə və oradan da qeyri-hərbi yüklər Azərbaycanın hava məkanı vasitəsi ilə daşınır”.
O, Xəzər dənizinin təhlükəsizliyinin gücləndirilməsinin ABŞ üçün vacib olduğunu deyib:
“Xəzər dənizinin təhlükəsizliyinin gücləndirilməsi, terrorçuluğa qarşı mübarizə, kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması və dəniz domen məlumatlandırma sistemi ABŞ-ın Azərbaycana göstərdiyi əsas yardımlar siyahısında prioritet olmağa davam edir. ABŞ Azərbaycan ilə iqtisadi sahədə artan əlaqələrinə, xüsusilə enerji sahəsində əməkdaşlığının inkişaf etməsi ilə bağlı məmnunluq hissi keçirir. Azərbaycanın Avropadakı müttəfiqlərinin enerji təhlükəsizliyindəki rolu çox önəmlidir. Ölkələrimiz arasında əməkdaşlıq əsas üç istiqamət üzrə inkişaf edəcəkdir: a) təhlükəsizlik; b) iqtisadi və enerji; c) demokratik inkişaf “.
Dövlət rəsmisi ABŞ-ın Azərbaycanın müstəqilliyini qorumaq qabiliyyətini artırmaq üçün işlədiyini söyləyib:
“Biz Ukraynaya münasibətdə müdafiə etdiyimiz ərazi bütövlüyü prinsipi regionun bütün ölkələrinə şamil edilir. Azərbaycan çox təhlükəli regionda, Rusiya ilə İran arasında yerləşir və ABŞ Azərbaycan hökuməti ilə onun ərazi bütövlüyü və müstəqilliyini müdafiə etmək qabiliyyətinin güclənməsi üzrə işləyirik”.
Politoloq: “Vaşinqton Azərbaycanı yalnız qoyub”
Hayfa Universitetinin professoru, amerikalı politoloq Brenda Şeyfer isə Azərbaycanın strateji seçiminin ABŞ və Avropa yönümlü siyasət olduğunu vurğulayıb:
“Azərbaycan Rusiya, İran və Türkiyə ilə sərhəddə yerləşən strateji baxımdan əhəmiyyətli ölkədir. Azərbaycan müstəqillik dövründə demək olar, hər bir əhəmiyyətli məsələdə ABŞ-ın müttəfiqi olmuşdur. Ən son olaraq, Azərbaycan Rusiya ilə sərhəddə yerləşdiyi halda BMT Baş Assambleyasında ABŞ ilə birgə Rusiyanın Krımı ilhaq etməsinin əleyhinə səs vermişdir. Azərbaycan əhalisinin əksəriyyətinin müsəlman olmasına baxmayaraq, dünyəvi bir dövlət qurub, eyni zamanda, dini və etnik mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşın hüquqlarına qoruyur. Ölkədə dini azadlıqların təmin olunması ilə yanaşı, dində azadlıq vardır və heç kimə dini təzyiq yoxdur. Azərbaycanın strateji seçimi ABŞ və Avropa yönümlü siyasətdir. Lakin Azərbaycan yerləşdiyi regionun ehtiva etdiyi məhdudiyyətləri də öz xarici siyasətində nəzərə almağa çalışır. Azərbaycan ABŞ-la yaxından əməkdaşlıq etməklə yanaşı, İran və Rusiya kimi region dövlətlərini də çox qıcıqlandırmamağa çalışır”.
O, Vaşinqtonun müəyyən məsələlərdə Azərbaycanı yalnız qoyduğunu da qeyd edib:
“Rusiya Azərbaycanın ABŞ və Avropa ilə əməkdaşlığını məhdudlaşdırmağa çalışır. Vaşinqton Azərbaycanın strateji əhəmiyyətini qəbul etsə də, bir sıra hallarda atılan addımlar bu mövqe ilə ziddiyyət təşkil edib. Məsələn, ABŞ Dağlıq Qarabağı və ətraf 7 rayonu Azərbaycan ərazisi kimi tanısa da, Konqres 1992-ci ildən bəri Azərbaycana münasibətdə sanksiyaları qüvvədə saxlayıb, illik əsasda Dağlıq Qarabağdakı separatçı rejimə maliyyə yardımı göstərib. Azərbaycanın daim ABŞ-ın yanında olmasına baxmayaraq, ölkə ABŞ tərəfindən layiqincə qiymətləndirilmir. Halbuki yaxın müttəfiq münasibətlərinə görə Azərbaycan daha çox təqdir olunmalıdır”.
Politoloq ABŞ-ın region dövlətlərlə, o cümlədən, Azərbaycanla əlaqə qurarkən regionun dinamikasını nəzərə almalı olduğunu bildirib:
“Ukraynadakı son hadisələr göstərdi ki, Krımın ilhaq olunması sadəcə bir mexaniki proses olaraq həyata keçirilməyib və ilk öncə bunun üçün zəmin hazırlanıb. Belə ki, ilhaq prosesində iştirak edən yerli özünüidarəetmə və hüquq mühafizə orqanlarında iştirak edən bir sıra şəxslər və qurumlarla xarici dövlət tərəfindən Ukrayna dövlətçiliyinə qarşı əvvəlcədən planlı iş aparılıb. Təcrübə göstərir ki, Rusiya qonşu dövlətlərdə öz nüfuzunu artırmaq üçün hərbi gücdən (Ukrayna və Gürcüstanda), seçki prosesində Rusiya vətəndaşlarından (Azərbaycan, Gürcüstan və Latviyada) və separatçı təşkilatlardan (Moldova, Ukrayna, Gürcüstan və Azərbaycanda) istifadə kimi müxtəlif metodlara əl atır. Belə olan halda ABŞ region dövlətləri ilə, o cümlədən Azərbaycan ilə əlaqə qurarkən regionun dinamikasını nəzərə almalıdır”.
Qeyd edək ki, dünən ABŞ-ın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Komissiyasının (Helsinki Komissiyası) Azərbaycana həsr etdiyi dinləmələri keçirilib. Tədbirə senator Ben Kardin rəhbərlik edib. Dinləmələrin gedişində İran və oradakı etnik azərbaycanlılarla bağlı da çıxışlar olub.