Sabiq deputat: “…bacarmadığından sosial bazasını tamamilə itirib”
“Azərbaycanın günbəgün inkişafı istər daxildə, istərsə də xaricdə fəaliyyət göstərən müəyyən təşkilatlarda və insanlarda qısqanclıq hissi doğurur”
Azərbaycan yenidən bəzi xarici dairələrin hədəfinə çevrilib. Xüsusilə I Avropa Oyunlarının Bakıda keçirilməsini həzm edə bilməyən bir sıra xarici dairələr ölkəmizə qarşı qara piar kampaniyasına start veriblər. Sözügedən qüvvələrin əsas məqsədi ondan ibarətdir ki, I Avropa Oyunlarının Bakıda keçirilməsi baş tutmasın. Hər halda son vaxtlar bəzi beynəlxalq qeyri-hökumət təşkilatlarının hazırladıqları hesabatlarda Azərbaycanla bağlı yer alan qərəzli məqamlar belə deməyə əsas verir.
Yeni Azərbaycan Partiyasının üzvü, sabiq millət vəkili Anar Axundzadə də deyir ki, Azərbaycan Respublikasının günbəgün inkişafı istər daxildə, istərsə də xaricdə fəaliyyət göstərən müəyyən təşkilatlarda və insanlarda qısqanclıq hissi doğurur: “Siz mənə elə bir insan və yaxud dövlət göstərin ki, geridə qalsın və onu qısqanan olsun. Tarixən inkişaf və güc alternativ insanlar və qurumlarda paxıllıq və qısqanclıq hisslərini biruzə verir və onların iç üzlərini açır, xainlik mövqelərini ortaya çıxarır. Azərbaycan dövlətinin gənc yaşda belə bir sürətli inkişafı və dövlət başçımızın dünya dövlətləri liderləri arasında artan nüfuzu, bir dövlət liderinə məxsus olan yüksək intelektə və dünya görüşünə malik olması, təbii ki, bu cür təşkilatları qısqadıracaqdır”.
Anar Axundzadənin sözlərinə görə, bu dəyişməz bir həqiqətdir ki, bu cür inkişaf Azərbaycanın dostlarını sevindirəcək, düşmənlərini isə kədərləndirəcək. Bu yersiz iradların isə heç bir təsir gücü ola bilməz”. Hakim partiyanın üzvü Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirən xarici dairələrə daxildəki bəzi siyasi qüvvələrin dəstək verməsindən də təssüfləndiyini dilə gətirib. Bildirib ki, qara fikirli, paxıl niyyətli insanların regionu olmaz və onlar üçün vətən, millət təəssübü yoxdur: “Onların yalnız mənfur niyyətləri var. O, insanlar əslində Allah tərəfindən bu cür xarakterə malik olduqları üçün cəzalanıblar. Çünki onlar görərkən kordurlar. Dünyada hər şey onlar üçün qara və qaranlıqdır”.
Anar Axundzadə Milli Şura adlanan qurumun martın 15-də keçirməyi nəzərdə tutduğu aksiyaya da münasibət bildirib: ”Ümumiyyətlə, belə bir qurum varmı?”.
Sabiq millət vəkilinin sözlərinə görə, radikalizm hər zaman millətlər və xalqlar tərəfindən rədd edilib: “Azərbaycanda Prezidentə xalq dəstəyini görən müxalifət öz ölkəsində gedən inkişafa sevinməyi bacarmadığından sosial bazasını tamamilə itirib və radikal mövqe seçib. Bu seçim də onları tamamilə dəstəksiz qoyub. Bu gün Demokratik Azərbaycan dövlətinin tək bir şeyə ehtiyacı var, sağlam müxalifətə və sağlam rəqabətə”.