Sabiq general 5 il müddətinə azadlıqdan MƏHRUM EDİLDİ
Rusiya Silahlı Qüvvələrinin 58-ci ordusunun sabiq komandanı, general-mayor İvan Popov dələduzluq və vəzifə saxtakarlığı ittihamı ilə 5 il müddətinə azadlıqdan məhrum edilib. Hökm Tambov qarnizon hərbi məhkəməsi tərəfindən çıxarılıb.
Yenicag.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Məhkəmənin hakimi Dmitri Letunovski bildirib ki, İvan İvanoviç Popov təqsirli bilinib və ümumi rejimli islah koloniyasında 5 il həbs cəzasına məhkum edilib. Bununla yanaşı, Popov “general-mayor” hərbi rütbəsindən də məhrum olunub.
Generalın vəkili Sergey Buyanovski jurnalistlərə açıqlamasında, məhkəmənin qərarından apellyasiya şikayəti veriləcəyini bildirib.
Cinayət işi 2024-cü ilin sentyabr ayının sonundan etibarən qapalı rejimdə araşdırılıb. İstintaqın məlumatına görə, Popov 2023-cü ildə Zaporojye vilayətinin hərbi-mülki administrasiyası tərəfindən humanitar yardım kimi alınmış 1,7 min tondan çox metal konstruksiyanın mənimsənilməsində iştirak edib. Həmin materiallar dəyəri 100 milyon rublu keçən mühəndis-istehkam qurğularının cəbhə xəttində quraşdırılması üçün nəzərdə tutulmuşdu.
Təqsirləndirilən generalın bu “xidmətləri” qarşılığında 1 milyon rubldan çox məbləğdə pul aldığı bildirilir. O, xüsusilə iri miqyaslı dələduzluq (Rusiya Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi) və vəzifə saxtakarlığı (CM-nin 292-ci maddəsinin 2-ci hissəsi) maddələri ilə ittiham olunur. İvan Popov özünü təqsirli saymır.
İstintaq həmçinin bildirir ki, bu cinayətdə Popovla birlikdə sonradan həlak olan general-leytenant Oleq Tsokov da iştirak edib.