Sabir Rüstəmxanlı Ziyafət Əsgərova etiraz etdi
“Mənim hər hansı çıxışımın Milli Məclisin vitse-spikeri tərəfindən populist adlandırılmasını düzgün saymıram. Biz bir-birimizə hörmətlə yanaşmalıyıq”.
Bunu Milli Məclisin bu günkü iclasında millət vəkili Sabir Rüstəmxanlı söyləyib.
S. Rüstəmxanlı bu gün Azərbaycanda mənzil tikintisi və satışı prosesində dələduzluqla məşğul olanların əksəriyyətinin məhz hüquqi şəxslər olduğunu xatırladıb:
“Mən vətəndaşların başlarına oyun açılmamasını istəyirəm. Ancaq biz burada bir-birimizi boş yerə ittiham edirik. Biz burada təkliflər veririk, ancaq təkliflərin heç biri illərdir ki, komitələrdə müzaikrəyə çıxarılmır”.
Z. Əsgərov isə S. Rüstəmxanlıya cavabında öz mövqeyini aşağıdakı kimi əsaslandırıb:
“Mən iqtidar nümayəndəsiyəm, nə etməliyəm? Cavab verməliyəm. Siz deyirsiniz ki, vətəndaşların başına oyun açırsınız? Nə edirik? Tutaq ki, fiziki şəxs 5-10 nəfəri Türkiəyə yığıb aparır, sabah o insanların taleyi necə olacaq? Bu insanlar sonradan ölkəyə qayıdanda elə millət vəkillərinin də yanına gəlirlər, ki, pensiya ala bilmirik. Hüquqi şəxslərə gəlincə, düz deyirsiniz, hüquqi şəxslər mənzillərlə bağlı dələduzluq edirlər. Ancaq onun ünvanı olur, hüquq-mühafizə orqanları onları məsuliyyətə cəlb edə bilir. Yoxsa fiziki şəxs sabah Rusiyada olur, biri gün Belorusa qaçır”.
Z. Əsgərov deyib ki, Azərbaycana gələn insanların da hamısı səmimi məqsədlərlə gəlmir:
“Biz qanunvericilikdə də bu halları nəzərə alırıq”.