4-10 dekabr 2023-cü il tarixlərində ümumtəhsil müəssisələrinin 2-10-cu sinif şagirdləri Beynəlxalq “Bebras” müsabiqəsində iştirak edəcəklər. Müsabiqə PAŞA Bankın sponsorluğu və ÖzünÖyrənin təşkilatçılığı ilə keçirilir.
Müsabiqədə iştirak etmək üçün ümumtəhsil müəssisələrinin nümayəndələri koordinator kimi http://bebras.az saytından qeydiyyatdan keçə bilərlər. Şagirdlər müsabiqəyə öz məktəblərindən qoşula biləcəklər. Müsabiqədə iştirak pulsuzdur.
Beynəlxalq “Bebras” İnformatika və Alqoritmik yarışması şagirdlərin alqoritmik və məntiqi təfəkkürlərini proqramlaşdırma bilikləri tələb etmədən qiymətləndirmək üçün hazırlanıb. Onlayn rejimdə keçirilən müsabiqə zamanı 2-10-ci sinif şagirdləri 40 dəqiqə ərzində öz yaş qruplarına uyğun 15 əyləncəli məsələni həll edir. Rəqabət həyəcanından başqa, “Bebras”, iştirakçılara çoxsaylı üstünlüklər vəd edir. O, koqnitiv bacarıqları artırır, problem həll etmə bacarıqlarını təkmilləşdirir və hesablama anlayışlarını daha dərindən başa düşməyə kömək edir – bu bilik və bacarıqlar informasiya əsrində dəyərli bacarıqlardır.
“Bebras” müsabiqəsinin başlanğıcı 2004-cü ildə qoyulub və hər il dünyanın bir çox ölkəsində yüz minlərlə şagird iştirak edir. Bu siyahıya ABŞ, Almaniya, Avstraliya, Avstriya, Belçika, Birləşmiş Krallıq, Cənubi Koreya, Kanada, Çin, Estoniya, Finlandiya, Fransa, Hindistan, İrlandiya, İspaniya, İsrail, İsveç, İsveçrə, İtaliya, Latviya, Litva, Niderland, Norveç, Türkiyə, Yaponiya, Yeni Zelandiya və digərləri də olmaqla 70-dən çox ölkə daxildir. Azərbaycan da bu müsabiqədə 2013-2016-cı illərdə aktiv şəkildə iştirak etmişdir. Müsabiqə onlayn şəkildə keçirilir. Ona görə də ölkənin istənilən nöqtəsində şagirdlər bu müsabiqəyə asanlıqla qoşula bilərlər.
“Bebras” müsabiqəsinin iştirakçıları şagirdlər olsa da müsabiqə müəllimlər üçün də faydalıdır. Müsabiqədə iştirak edən məktəblərdən müəllimlər koordinator qismində təşkilati məsələlərə cəlb edilirlər. Burada müəllimlər müsabiqənin təşkilində yaxından iştirak edir və bu cür müsabiqələrin təşkilatçılığı üzrə təcrübə toplayırlar.
Azərbaycanda “Bebras” İnformatika və Alqoritmik düşüncə yarışması 2013-2016-cı illərdə Elm və Təhsil Nazirliyinin dəstəyilə keçirilmiş və hər il təqribən 5000 nəfər şagird iştirak etmişdir. Müsabiqə Bakı, Sumqayıt, Lerik, Gəncə, Mingəçevir, Qax, Xaçmaz, Lənkəran və digər şəhərlərimizi əhatə etmişdir. “Bebras” müsabiqəsi həm şagirdlərin, həm onların valideynlərinin, həm də informatika müəllimlərinin böyük marağına səbəb olmuşdur. Bir neçə illik fasilədən sonra bu il “Bebras” müsabiqəsi yenidən şagirdlərin ixtiyarına verilir.
Müsabiqə ilə maraqlanan məktəblərin müəllimləri http://www.bebras.az veb-saytı vasitəsilə koordinator kimi qeydiyyatdan keçməyə dəvət olunurlar. Təsdiq olunmuş koordinatorlar şagirdləri qeydiyyatdan keçirir və şagirdlərin iştirakını təmin edirlər. Hazırda “Bebras” müsabiqəsində iştirak etmək üçün ölkənin Bakı, Astara, Ağstafa, Şəki, Gəncə, Xaçmaz, Quba, Lənkəran, Mingəçevir, Şuşa və digər bölgələrindən 110-dan çox məktəb müraciət etmişdir. Bu ilin Aprel-May aylarında sınaq müsabiqələri təşkil edilmiş və ümumilikdə 2000-dən çox şagird iştirak etmişdir.
www.yenicag.az