Yanvarın 12-də E.Məmmədov adına 21 saylı tam orta məktəbdə AMEA Tarix İnstitutu rəhbərliyinin iştirakı ilə “Tarixi şəxsiyyətlərimizə sahib çıxaq” layihəsi çərçivəsində Şah Təhmasib Səfəviyə həsr olunmuş konfrans-tədbir keçirilib.
Tədbirdən öncə foyedə təşkil olunan tarixi şəxsiyyətlərimiz və Səfəvilər mövzusunda kitab və rəsm sərgisinə, tarixi eksponatlara və foto-stendlərə baxış olub. Maarifləndirici xarakter daşıyan tədbirdə AMEA Tarix İnstitutunun direktoru prof. Yaqub Mahmudlu, tar.e.d. Zabil Bayramlı, dr. Tofiq Nəcəfli, dr. Dilavər Əzimli, 313 nömrəli məktəbin tarix müəllimi Araz Şamil, ADPU-nun türk və şərqi Avropa xalqlarının tarixi kafedrasının müəllimi Taleh Cəfərov, BŞTİ-nin nümayəndəsi Firudin Abbasov və digərləri çıxış edərək Şah Təhmasibin həyat və fəaliyyətindən danışmış, xalqımızın milli dövlətçilik tarixinə dair önəmli məsələlərə toxunaraq müəllim və şagirdlərə öz tövsiyələrini veriblər.
Atatürk liseyi, 313 saylı məktəb, 272 saylı məktəbin şagirdlərinin də iştirak etdiyi tədbirdə şagirdlərin Azərbaycan tarixi fənni üzrə biliklərini qiymətləndirmək məqsədilə viktorina keçirilib, suallara doğru cavab verən, eləcə də, məktəbdə sözügedən tədbir çərçivəsində “Səfəvilər” mövzusunda təşkil olunmuş rəsm və inşa müsabiqəsində fərqlənən şagirdlər mükafatlandırılıb.
Tədbirdə çıxış edən Yasamal rayon icra hakimiyyəti başçısının müavini Təravət Muradova şagirdlərin tarixi keçmişimizlə bağlı dünyagörüşünün genişlənməsi üçün bu cür tədbirlərin keçirilməsinin zəruriliyindən danışmış, ölkə prezidenti İlham Əliyevin milli-mənəvi dəyərlərin qorunması ilə bağlı tövsiyələrini bir daha xatırlatmaqla milli dövlətçilik ənənələrinin yaşadılmasında gənc nəslin üzərinə böyük vəzifələr düşdüyünü bildirib.
Ziyalıların, məktəb direktorlarının, gənc alimlərin və tədqiqatçıların qatıldığı konfrans-tədbir özünün orijinal tərtibatına görə də diqqət cəlb edib.
www.yenicag.az