Dekabrın 20-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Vitse-prezidenti Cevdet Yılmazın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Yenicag.az xəbər verir ki, Milli Məclisin sədri qeyd edib ki, dost və qardaş ölkələrimiz arasında münasibətlər Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” prinsipi ilə inkişaf edir. Azərbaycan Prezidenti İlham Əliyevin də dediyi kimi, Azərbaycanla Türkiyə arasında olan münasibətlərin dünyada bənzəri yoxdur.
Qeyd olunub ki, Azərbaycan və Türkiyə həm sevincli, həm də kədərli günlərdə daim bir-birinin yanındadırlar. İkinci Qarabağ müharibəsi və Türkiyədə baş vermiş dağıdıcı zəlzələ zamanı biz bir daha bunun şahidi olduq.
Görüşdə ikitərəfli əlaqələrin inkişafında ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin müstəsna rolu qeyd olunaraq, bu mənada, iki ölkə rəhbərlərinin qarşılıqlı səfərlərinin, beynəlxalq tədbirlər çərçivəsində görüşlərinin münasibətlərin bütün istiqamətlərdə inkişafına təkan verdiyi vurğulanıb. Xatırlanıb ki, “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” 2021-ci il 15 iyun tarixli Şuşa Bəyannaməsində iki ölkə arasında strateji tərəfdaşlıq məsələlər öz əksini tapıb.
Qeyd olunub ki, Azərbaycanla Türkiyə arasındakı əlaqələrdə iqtisadi əməkdaşlıq məsələləri xüsusi əhəmiyyət kəsb edir. Dövlət başçılarımızın tapşırığına uyğun olaraq, iqtisadi əlaqələrimizin ilbəil daha da gücləndiyi, ticarət dövriyyəsinin artdığı vurğulanaraq, iqtisadi əməkdaşlığımızın inkişafında Birgə Hökumətlərarası Komissiyanın fəaliyyətinin mühüm əhəmiyyətə malik olduğu diqqətə çatdırlıb.
Söhbətdə iki qardaş ölkə arasında münasibətlərin inkişafında parlamentlərimizin də vacib rolu qeyd edilərək, bu istiqamətdə də fəal əməkdaşlığın mövcud olduğu diqqətə çatdırılıb. Spiker Sahibə Qafarova Azərbaycan Respublikasının Milli Məclisi ilə Türkiyə Böyük Millət Məclisi arasında əməkdaşlıq haqqında Sazişin əhəmiyyətindən danışıb. O, hər iki ölkənin ali qanunvericilik orqanlarında fəaliyyət göstərən parlamentlərarası əlaqələr üzrə işçi qruplarının fəaliyyətini qeyd edib, parlament komitələri arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini diqqətə çatdırıb. Spiker ikitərəfli əməkdaşlıqla yanaşı, Türkiyə və Azərbaycan parlamentlərinin üçtərəfli əməkdaşlıq çərçivəsindəki birgə fəaliyyətini də vurğulayıb.
Səmimi görüş üçün təşəkkürünü bildirən Türkiyə Respublikasının Vitse-prezidenti Cevdet Yılmaz bu il Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinin qeyd edildiyini xatırladaraq, onun müasir müstəqil Azərbaycanın inkişafındakı xidmətlərindən danışıb. Qarşılıqlı səfərlərin intensivləşdirilməsinin əhəmiyyətini vurğulayan Türkiyənin Vitse-prezidenti ölkələrimizin beynəlxalq təşkilatlarda, həmçinin Türk Dövlətləri Təşkilatında sıx əməkdaşlığından məmnunluğunu ifadə edib.
Söhbət zamanı Cevdet Yılmaz Azərbaycanın öz ərazilərini işğaldan azad etməsi münasibətilə təbriklərini çatdırıb. Qonaq Türkiyədə baş vermiş zəlzələ zamanı Azərbaycanın göstərdiyi dəstəyə görə bir daha təşəkkürünü bildirib.
Eyni zamanda hazırda Qarabağda və Şərqi Zəngəzurda davam edən bərpa-quruculuq işlərində Azərbaycan və Türkiyənin əməkdaşlığından məmnunluq ifadə olunub.
Görüşdə Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov, Milli Məclisin deputatı Hikmət Məmmədov, Türkiyə-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri Şamil Ayrım çıxış edərək iki ölkə arasında əlaqələrin bu günü və gələcəyi barədə fikirlərini bölüşüblər.
Görüşdə Milli Məclisin deputatı Ağalar Vəliyev, Parlament Aparatının rəhbəri Fərid Hacıyev, Katibliyin rəisi Teymur Tağıyev, hər iki ölkənin səfirləri Rəşad Məmmədov, Cahit Bağçı və digər rəsmi şəxslər iştirak ediblər.
www.yenicag.az