Bakı şəhərində son dönəmlər sahibsiz itlərin sayında ciddi artım var.
Sahibsiz itlərin sayının çoxluq təşkil etdiyi yerlər əsasən, insanların istirahət etdiyi ərazilərdir. Nəsimi rayonunda yerləşən Zərifə Əliyevə adına parkın arxa tərəfindəki “Zeytunluq” deyilən ərazi, AMEA-nın arxa tərəfindəki park, Xəzər rayonunun Şimal Dress qəsəbəsində yerləşən Ağır Atletika Akademiyası və “AZAL Arena” stadionunun ərazisini buna misal göstərmək olar.
Yenicag.az xəbər verir ki, Xəzər rayonunun Şimal Dress qəsəbəsində Ağır Atletika Akademiyası və “AZAL Arena” stadionunun ərazisi sahibsiz itlərin məskəninə çevrilib.
Şimal Dress qəsəbəsi sakinlərinin istirahət edə, xüsusən də uşaqların yeganə oynaya biləcəyi yer məhz Ağır Atletika Akademiyası və “AZAL Arena” stadionunun ərazisi sayılır. Bu əraziyə maşınların daxil olmaması uşaqların təhlükəsiz oynamasını əlverişli edir. Ancaq uşaqlar maşın təhlükəsindən xilas olsalar da, bundan daha betər, canlı təhlükə ilə üz-üzədirlər. Sahibsiz itlər uşaqlara dəfələrlə hücum edib. Bu səbəbdən də valideynlər uşaqlarını gəzdirə, oynamaq üçün sözügedən əraziyə apara bilmirlər. Qəsəbə sakinləri bildirir ki, nəinki uşaqlar, böyüklər də ərazidən qorxa-qorxa keçir.
Xəzər Rayon İcra Hakimiyyətinə dəfələrlə şikayət edilsə də, sahibsiz it bəlasına əncam çəkilməyib. Bundan əlavə, nədənsə, Ağır Atletika Akademiyası və “AZAL Arena” stadionunun rəhbərlikləri də sahibsiz itlərin ərazidən uzaqlaşdırılması üçün heç bir addım atmırlar.
Görünür, aidiyyatı qurumlar hərəkətə keçmək üçün kiminsə itlərin hücumuna məruz qalıb parçalanmasını gözləyirlər.
Səxavət Məmməd
www.yenicag.az