Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində 15 İyun – Milli Qurtuluş Günü və Ramazan bayramı münasibəti ilə tədbir keçirilib.
Nazirliyin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Yenicag.az-a verilən məlumata görə, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev tədbirdə iştirak edib, dövlət himayəsində yaşayan pensiya yaşına çatmış şəxslərlə görüşüb, onları təbrik edərək, xoş arzularını çatdırıb
Babayev ahıl insanların sosial müdafiəsinin gücləndirilməsinin dövlətin sosial siyasətinin əsas istiqamətlərindən olduğunu vurğulayıb. Nazir diqqətə çatdırıb ki, sosial xidmət müəssisələrində, o cümlədən bu müəssisədə yaşayan 220 vətəndaşın hərtərəfli təminatı, rahat yaşayış şəraitinə malik olmaları üçün bütün işlər görülür. Son illərdə dövlət başçısının tapşırığı əsasında bu müəssisənin 5 mərtəbəli 170 yerlik yeni ikinci korpusu da inşa edilərək istifadəyə verilib.
Sosial xidmət müəssisəsinin sakinləri onlar üçün yaradılan şəraitdən razı qaldıqlarını vurğulayıb, göstərilən diqqət və qayğıya görə prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər. Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsi özünəqulluq qabiliyyəti, habelə onlara qulluq və köməklik göstərə biləcək əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri olmayan pensiya yaşına çatmış şəxslər üçün nəzərdə tutulub. Burada həmin şəxslər daimi olaraq yaşayış şəraiti, qida, geyim və tibbi xidmətlə təmin olunurlar.
Müəssisədə yaradılmış şəraitlə yaxından tanış olan S.Babayev göstərilən sosial xidmətlərin keyfiyyətinin artırılması, reabilitasiya proqramlarının sakinlərin həyatında müsbət dönüşə, pozitiv keyfiyyət dəyişikliyinə yönələn istiqamətdə qurulması, xidmət göstərilən hər bir şəxsə qayğı və etik davranış qaydalarına ciddi riayət olunmaqla yanaşılması və s. barədə tapşırıqlar verib.
www.yenicag.az