Kişi və qadın şahmatçılar arasında Azərbaycan çempionatının açılış mərasimi keçirilib.
Yenicag.az xəbər verir ki, əvvəlcə Dövlət Himni səsləndirilib. Daha sonra Vətən uğurunda canından keçən şəhidlərin, Aktauda təyyarə qəzasında həyatını itirən sərnişinlərin və ekipaj üzvlərinin, eləcə də beynəlxalq qrossmeyster Vüqar Həşimovun atası, Azərbaycan idmanının inkişafında əvəzsiz xidmətləri olan Qasım Həşimovun xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov ilk dəfə olaraq ölkənin bütün aktiv iti zəka sahiblərinin çempionluq uğrunda mübarizə aparmalarının sevindirici hal olduğunu bildirib. O, çempionatın səviyyəsinin yüksəldilməsi üçün əllərindən gələni edəcəklərini deyib. M.Məmmədov yarışda iştirak etməyən şahmatçıların federasiyanın nəzərdə tutduğu yardımdan yararlana bilməyəcəklərini vurğulayıb.
Ardınca Ulu Öndər Heydər Əliyevin şahmata olan diqqət və qayğısını özündə əks etdirən videoçarx nümayiş olunub.
Gənclər və idman naziri Fərid Qayıbov Ümummilli Lider Heydər Əliyevin şahmata dəyər verdiyini qeyd edib. Nazir Prezident İlham Əliyevin ötən ilin yekunları ilə bağlı təşkil olunan tədbirdə bir sıra idmançılarla görüşdüyünü, idmançılara dövlət tərəfindən dəstək göstərildiyini vurğulayıb. F.Qayıbov Azərbaycanda şahmatın daha da populyarlaşdığını bildirib.
Daha sonra şahmat üzrə Azərbaycan çempionatının tanıtım videosu nümayiş etdirilib.
Qeyd edək ki, ölkə çempionatının qalibləri Azərbaycan millisinə birbaşa vəsiqə qazanacaqlar. Kişi şahmatçıların çempionatının ümumi mükafat fondu 60 min, qadınlarda isə 30 min manat təşkil edir. Reqlamentə əsasən, kişilər arasında çempionatın qalibi 20 min, qadınların turnirində birinci yerin sahibi isə 10 min manat qazanacaq.
Ölkə çempionatına fevralın 15-də yekun vurulacaq.
www.yenicag.az