Şahzadə Harri fələstinli və ukraynalı uşaqlar üçün yarım milyon dollar ayırır
Böyük Britaniya şahzadəsi Harri və həyat yoldaşı Meqanın rəhbərlik etdiyi “Archewell Foundation, Qəzza və Ukraynadakı uşaqlara protez təmin etmək və digər dəstək xidmətlərini inkişaf etdirmək üçün 500 min dollar ayıracaq.
Yenicag.az xəbər verir ki, Harri hazırda Britaniyada səfərdədir və Londondakı “Imperial College” nəzdində fəaliyyət göstərən Zədə Araşdırmaları Mərkəzini ziyarət edərək, xüsusilə uşaqların və təbii fəlakətlərdən zərərçəkənlərin xəsarətlərinin araşdırılması ilə bağlı məlumat alıb.
Şahzadə bəyanatında bunları deyib:
“Bunu tək bir qurumun həll etməsi mümkün deyil. Qəzza bu gün dünyada və tarixdə uşaq amputasiyalarının ən çox həyata keçirildiyi yerdir. Uşaqların partlayış xəsarətlərindən sonra sağ qalması və əzalarının bərpa olunması üçün hökumət, elm, tibb, humanitar yardım və müdafiə sahələrinin əməkdaşlığı vacibdir”.
Təqdim edilən üç qrant isə belə bölüşdürüləcək:
200 min dollar – Ümumdünya Səhiyyə Təşkilatına, Qəzzadan İordaniyaya tibbi təxliyələr üçün;
150 min dollar – “Uşaqları Xilas Edin” təşkilatına, Qəzzadakı humanitar dəstəyin davamı üçün;
150 min dollar – Zədə Araşdırmaları Mərkəzinə, Ukrayna və Qəzzada xəsarət alan uşaqlar üçün protezlərin hazırlanmasına dəstək məqsədilə.