“Neftçi”də idarəetmə sistemi həmişə belə olub: “istedadlı dələduzlar” dövlətin ayırdığı vəsaiti dağıdıblar, nəticə olmadıqda isə yerli məşqçiyə möhtac qalıblar”.
Bu sözləri Yenicag.az-a açıqlamasında idman jurnalisti Natiq Muxtarlı deyib.
O, son günlər ölkə çempionatında tənqid atəşinə tutulan “Neftçi”də başlayan Samir Abbasov dövründən və “flaqman”ın perspektivdəki fəaliyyətlərindən söz açıb.
N. Muxtarlı xatırladıb ki. AFFA-nın sabiq baş katibi Elxan Məmmədov Hans Yurgen Gedeni “Neftçi”yə gətirəndə komanda demək olar ki, dağıldı:
“Ardınca yerli mütəxəssis gəlib, “Neftçi”ni dirçəltdi. Ondan sonra da bu tendensiya davam edib. Əcnəbi öldürüb, yerli dirildib. Samir Abbasov daha əvvəl də “ölmüş” “Neftçi”ni dirildib. İşlədiyi iki mövsüm ərzində komandanı bir dəfə çempion edib, bir dəfə isə gümüş medal qazandırıb. “Qarabağ”la rəqabət fonunda belə nəticə fantastik sayılmalı idi. Amma klub idarəçiliyində olan “istedadlı dələduzlar” ona dəstək vermədilər, avrokuboklar üçün komanda gücləndirilmədi. Nəticədə avrokuboklardakı uğursuzluğu bəhanə edib Samir Abbasovu qovdular. Ondan sonra ard-arda gətirilən əcnəbilərlə xeyli pul “yuyuldu”. İndi isə bıçaq sümüyə dirənib. Ona görə də, “istedadlı dələduzlar” yenə də Samir Abbasova möhtac olublar”.
Mütəxəssis əmindir ki, S.Abbasov “Neftçi”ni dirildəcək və buna şübhə yoxdur:
“Amma sonra necə olacaq? Məndə olan məlumata görə, Samir Abbasova söz verilib ki, ona hər cür dəstək göstəriləcək, transfer siyasətində söz sahibi olacaq, istədiyi futbolçular alınacaq, rəqabətədavamlı komanda formalaşdırılacaq. Ola bilsin ki, ilk vaxtlarda, komanda “koma”dan çıxana qədər belə olacaq. Amma sonra klub idarəçiliyindəki “istedadlı dələduzlar” fəaliyyətə keçəcəklər. Onlar üçün puldan önəmli heç nə yoxdur, onlar bu puldan imtina edə bilməzlər. Onlar transferlər zamanı milyonlar qazanırlar, ona görə də Samir Abbasovın problemləri yenə də olacaq. Bu isə “Neftçi”nin rəhbərliyində “istedadlı dələduzlar” yox, peşəkarlar olana qədər belə davam edəcək. Samir Abbasov istedadlı mütəxəssisdir, nəticə verməyi bacarır. Amma hər bir istedadlı mütəxəssisin arxasında da peşəkar idarəçilər olmalıdır. Samir Abbasova uğurlar arzulayaq, amma həm də xəbərdarlıq edək ki, ehtiyatı əldən verməsin: heç bir halda “istedadlı dələduzlar”a inanmasın”.
Rafi Müslümov
www.yenicag.az