Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Savaşın soyuq üzü... Böyük oğlunun dəfnində kiçik oğlunu şəhidliyə uğurlayan Ata... - Səxavət Məmməd yazır

Vətən Müharibəsinin ilk günündən sonuna qədər işlədiyim ərazilərdə şəhid dəfnlərinin çoxunda iştirak etdim. Açığı, Ağdam və Tərtər rayonlarında insan sayı çox az idi. Şəhid cənazəsi gələndə, tanıyan və tanımayan bir-birinə xəbər verir, dəfndə iştirak etməyə çalışırdılar.

Şəhidlərin dəfni də fərqli olurdu. Tanınmış bir ailədən olan şəhidin dəfnində rayondakı bütün idarə müdirləri, digərlərində isə rayon rəhbərliyi 3-5 dəqiqə iştirak edib, gedərdi.

Şəhid dəfnində qadınların fəryadı, göz yaşları, ataların, qardaşlarınsa susub, özlərini dik tutmaqları diqqət çəkən idi. Ağdamda belə dəfn mərasimlərindən birində şəhidin atası elə sözlər dedi ki, hər kəs neçə gün çıxışdan danışdı. Tanıdığım, tanımadığım hər kəs o sözləri deyir, kişidəki ürəyin böyüklüyündən bəhs edirdi.

Həmin kişi Yusifov Sərxan Həsən oğlu idi. Dəfndə dedi ki, oğul düşmən çəpəridir, ağlamayın, o şəhid mənim deyil, sizindi, Azərbaycanındır. Kiçik oğlum da könüllü döyüşür. Bir oğlum şəhid oldu deyə, digərinin evə qayıtmasını istəməyəcəm. Oğlumu Zahid müəllimə vermişəm. Getsin döyüşsün, qisas alsın.

Yusifov Müşfiq Sərxan oğlu

Zahid Əliyev isə əfsanəvi kəşfyyatçılardan biridir. Ağdamın könüllüləri onun rəhbərliyi altında döyüşdülər. Sərxan kişinin kiçik oğlu Müşfiq isə döyüşə könüllü yollanmışdı. Zahid Əliyev elə mərasimin gedişində dedi ki, Müfviq qardaşının yeddisini versin, ondan sonra gələr. Razılaşdılar.

Müşfiqi döyüşlərin ilk günündən tanımışdım. Döyüşlərdən bir neçə ay əvvələ qədər orduda MAXE kimi xidmət edirdi. Kəşfiyyatçı idi. Xanı əminin ən yaxşı tələbələrindən sayılırdı. Tanışlığımız da səngərdə olmuşdu. Səngər elə yerdir ki, orda yaxşı-pis, ürəkli-qorxaq anında bilinir. İllərlə yoldaşlıq edib, seçməyə, nəyisə dəqiqləşdirməyə gərək qalmır. Bəzən bir neçə dəqiqə belə imkan verir ki, insanın kimliyini müəyyənləşdirəsən, ona ürəklə dost deyəsən, yaxud da əksinə.

Şahidi olduğum bir hadisədən danışım. Gecə saatlarında ermənilərin kəşfiyyat qrupu Ağdam istiqamətindəki məhşur Baboy postuna basqın etdi. Öncə minaatanlar yağış kimi yağmağa başladı. Müşfiq postdakı əsgərlərə dedi ki, hamımız çıxıb hərəkət etməyək, ölsək də birimiz ölək deyib, pulemyota sarıldı və mövqeyə çıxdı.

Orada olan zabit də, əsgərlər də deyirlər və bilirlər ki, Müşfiq həmin postu təkbaşına müdafiə etmişdi. Hətta hərbi hissə komandirinə də vəziyyət bu şəkildə məruzə edildi. Müşfiq o qədər güllə atmışdı ki, silahın lüləsindən tutanda əlli də yanmışdı. Əlindəki yanıq izi hələ də qalır.

Şahidi olduğum hadisələr və döyüşlər bir kitabın mövzusu olduğu üçün detallara varmıram. Bir neçə gün sonra Müşfiq məndən utana-utana kəşfiyyatçıların istifadə etdiyi bıçaqdan istədi. Dostum Kənan Kərimovdan xahiş etdim. O da sağ olsun, gətirdi.

Oktyabrın 30-da bıçağı götürüb, könüllülərin qərargahına getdim. Oradakı döyüşçülərlə deyib-gülür, zarafatlaşırdıq. Posta çıxmazdan əvvəl ən yaxşı məşğuliyyət deyib-gülmək olurdu. Nədənsə, Müşfiq gecikirdi. Hər kəsin hansı posta çıxacağı məlum olmuşdu, tək Müşfiqdən başqa. İçəri daxil oldu, sarışın insan, qapqara qaralmışdı. Üzünü Zəhid Əliyevə çevirib dedi: “Komandir, Füzuliyə getməliyəm. Qardaşımın komandiri zəng edib dedi ki, qardaşın yaralanıb. Bilirəm ki, komandir yaralandığı üçün zəng etməz, telefonda demədi, qardaşım şəhid olub”.

Təsəvvür edin, deyib-gülən, zarafatlar edən o qədər əsgər bir anda susdu. Hər kəsin sifəti də, halı da dəyişdi. Bıçaq əlimdə donub qaldım. Baxışdıq. Bıçağı əlimdən alıb, getdi Füzuliyə…

Yusifov Anar Sərxan oğlu 1991-ci mayın 9-da anadan olub, 2020-ci il oktyabrın 30-da isə Qubadlı istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Adətən, şəhidlərin, döyüşçülərin uşaqlığı ilə bağlı danışanda, onun davakar, vurub-tutan uşaq olduğunu deyirər. Anar isə uşaqlıqda sakit təbiyətli, mehriban, dostcanlı, ünsiyyətcil olub. 6-cı sinifdən sonra evdəkilərə deyirmiş ki, zabit olacaq.

Şəhid Yusifov Anar Sərxan oğlu

Məktəbi bitirdikdən sonra Ağdam Dövlət İqtisad Kollecində maliyə-kredit fakultəsini bitirib. Daha sonra 2010-cu ildə hərbi xidmətə yollanıb. Atasının xəstəliyini nəzərə alaraq hərb sahəsi üzrə ixtisaslaşmayıb. General Polad Həşimov şəhid olandan sonra Anar da könüllü olaraq döyüşmək üçün ərizə ilə müraciət edib. Döyüşlər başlayandan sonra yenidən Səfərbərlik Xidmətinin Ağdam şöbəsinə gedir və yenidən cəbhəyə yollanmaq istədiyini bildirir.

Atası ilə söhbət zamanı deyir ki, Anarla şəhid olmazdan təxminən 1 saat əvvəl telefonla danışıb. Telefon danışığı zamanı Anar atasına deyib ki, buralar çox səfalı yerlərdir, ermənilər buraları niyə işğal edib, indi başa düşürəm.

Sərxan Yusifov: “Anar tək mənim oğlum deyil, Azərbaycanın oğludur. Bu gün qan bahasına o torpaqları işğaldan azad etdik. Onlar gələcək nəsil üçün bir örnək yaratdılar. Bütün şəhid anaları, ataları başlarını dik tutsun. Bizim uşağımız Vətən yolunda şəhid olub. Onların şəhid olduğuna görə heyfslənə bilmərik”.

Döyüşlər davam etdiyi vaxt Anar yenidən səfərbərlik şöbəsinə üz tutur. Söhbət əsnasında atası xatırlayır ki, Anar getməzdən öncə “Övladlarım var, onları qorumaq üçün getməliyəm. Biz getməsək, kim gedib torpağı qoruyacaq?, – deyib. Anar döyüşlərə qatılmaq üçün 3 dəfə səfərbərlik şöbəsinə gedib. Üçüncü dəfə gedərkən, narazılığını da bildirib. Səfərbərlik şöbəsindəki tanışlarla söhbət zamanı dedilər ki, gəlib dava saldı, dedi, bilirəm, atam xəstə olduğu üçün məni aparmırsınız. Bu söz-söhbətdən sonra onu qeydiyyata alırlar. Anar atasına zəng edib deyir: “Mən gedirəm, istəyimə nail oldum”.

Müşfiqlə söhbət zamanı başqa bir mətləbin də üstü açılır. Müşfiq özü döyüşlərdə iştirak etdiyi üçün böyük qardaşı Anarın da cəbhəyə getməməsinə çalışıb. Səfərbərlik şöbəsinə Anardan xəbərsiz gedərək, atasının xəstə olduğunu, özünün döyüşdüyünü deyir. Buna görə Anarı çağırmırlar. Anar Müşfiqin bu “tədbir”indən xəbər tutduqda, iki qardaş əlbəyaxa olurlar. Təsəvvür edirsiniz, döyüşə getmək üstündə iki qardaş dava edir...

Anarın döyüş yolu Füzulidən başlayaraq, Cəbrayıl, Zəngilan və Qubadlıya qədər davam edib. Döyüş yoldaşları ilə əlaqə yarada bildim. Hər biri Anarın döyüşlərdə xüsusi canfəşanlıq göstərdiyini dedi. Sonuncu əməliyyatdan öncə komandir 3 qrupa cəmləşmə komandası verir, bu zaman ermənilər minaatalnarla həmin ərazini vurur və nəticədə bir neçə əsgərimiz, o cümlədən Anar Yusifov şəhid olur.

Anarın dəfn mərasimində atasının çıxış etdiyini və bu çıxış dildən-dilə gəzdiyini yuxarıda yazmışdım. Açığı, şəhid, vətən, müharibə, Qarabağla bağlı çıxışlar aşırı pafosu ilə seçilir. Böyük oğlu şəhid olan həmin atanın kiçik oğlunu yenidən döyüşlərə göndərib-göndərmiyəcəyi içimdə sual olaraq qalırdı. Həqiqətən, bir insanda bu qədər böyük ürək ola bilər?

Anarın yeddi mərasiminin ertəsi gün təxminən saat 2 radələrində könüllülərin qərargahında idim. Küçədə olarkən Müşfiqin maşınının gəldiyini gördüm. Atası da yanında idi. Maşından düşüb qərargaha gəldilər. Sərxan kişi gəldi Zahid Əliyevin yanına və dedi ki, sözümüz sözdür. Dedin, yeddi gün sonra gələr. Gətirdim, sənə təhvil verirəm. Siz də yaxşı bilirsiniz ki, oğlum kəşfiyyatçı olub, bacarıqlarına da bələdsiniz. Müşfiq də şəhid olsun, ancaq təki torpaqlarımız geri qaytarılsın.

Yenə qayıdaq Anarın dəfn mərasiminə. Dəfndən sonra könüllü döyüşçülər Ağdamın ilk şəhidlərindən olan Müşfiq Abbasovun qəbrini ziyarət etdilər. Zahid Əliyev onun məzarı başında digər döyüşçülərə dedi ki, şəhid atasının söylədiklərini eşitdiniz. Bəlkə kimsə bunun pafos olduğunu düşünə bilər, o kişini yaxşı tanıyıram, son dərəcə səmimidir. Biləsiniz, torpaqları işğaldan təkcə əsgərlər yox, bax, elə atalar işğaldan azad edir.

Atası Müşfiqə baxıb dedi, get, qardaşının və bütün şəhidlərin qanını al! Yusifov Müşfiq Sərxan oğlu 2015-ci ildən MAXE kimi ordu sıralarına qatılıb. 2016-cı ilin aprel döyüşlərində iştirak edib. Deyir ki, dövlət onun yetişməsi üçün çox xərc çəkib. Kəşfiyyatçılar üçün çox sayda kurslara qatılıb. 2020-ci ilin martın 19-da onu ordu sıralarından azad ediblər. Səbəb? Guya karantin rejimini pozubmuş…

Təsəvvür edirsiniz, dövlət xərc çəkir, peşəkar kəşfiyyatçı yetişdirir, hansısa hərbi hissə komandiri isə ciddi əsas gətirmədən onu ordudan uzaqlaşdırır. Ancaq haqsızlığıa uğrasa da, Müşfiq müharibə başlayan kimi könüllü olaraq döyüşlərə qatılır.

Müşfiqlə söhbət zamanı bildirir ki, atam Anarın dəfnində “İkinci oğlumu da şəhid kimi dəfn etməyə hazıram” deyəndə, onunla qürur duyub. Müharibə ağla qaranı seçildiyi vəziyyətdir. Əslində, bu mövzunu seçməyimə səbəb Sərxan kişinin oğlunun dəfnindəki çıxışı, verdiyi söz və o sözü tutması oldu.

Boşboğaz siyasətçilərin yalanlarına, “vətənpərvər”lərin saxta pafoslarına baxanda, Sərxan kişinin çıxışı əsl müharibə gerçəyidir…

Sərxan Yusifov

Səxavət Məmməd

www.yenicag.az

8528