Azərbaycan Müəllimlər İnstitutunun bağlanan Gəncə filialınının sabiq direktoru Ramiz Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edir. Dələduzluqda, vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilən Ramiz Məmmədov barəsində cinayət işi açılsa da, onun barəsində həbs qətiimkan tədbiri seçilməyib.Yenicag.az xəbər verir ki, sabiq rektorun qurbanlarından biri də Şəki şəhər sakini Yaqut Niyazi qızı Sadıqlıdır. Bu barədə Yaqut xanımın özü redaksiyamıza məlumat verib.
Məsələ burasındadır ki, Yaqut xanımın qızı Aysel İsmayıl qızı Sadıqlı 2009-2010 tədris ilində oxuduğu R. Əfəndiyev adına Şəki şəhər 10 saylı tam orta məktəbin XI sinfini müvəffəqiyyətlə başa vurduqdan sonra 02 iyul 2010–cu il tarixdə sinif yoldaşı olan rəfiqəsiylə ali məktəbə qəbul imtahanlarında iştirak etmək üçün Bakıya yola düşüb.
Bakıda imtahan verən Aysel kifayət qədər bal toplamadığından rəfiqəsinin anası TQDK –da tanışının olduğunu, ona 5000 manat müqabilində ballarını lazımi qədər artıra biləcəyini deyib. Nəticədə, Ayselin anası “Bank of Baku”dan öz adına 2000, baldızının adına isə 1000 manat kredit götürüb.
Qızının təhsil ala bilməsi üçün 3000 manatından keçən ana pulu verib. Bir qədər sonra ona Bakıda yaşayan Filyar Kərimova adlı bir xanım zəng vurub və bildirib ki, artıq onun qızı Azərbaycan Müəllimlər İnstitutunun Şəkidəki filialının “Filologiya fakültəsi”nin tələbəsidir. Aysel 1 ay sərasər dərsə getsə də, müəllimlər onun adının jurnalda olmadığını söyləyib. Hazırda Bakının Binəqədi rayonunda yerləşən 126 saylı məktəbin müəlliməsi olan Filyar Kərimovaya zəng edən valideyn ondan pulunun qaytarılmasını tələb edib. Cavabında isə Filyar Kərimova Ayseli Gəncədə Məmmədov Ağalar Nazim oğlu vasitəsi ilə institutun sözügedən şəhərin filialına düzəldəcəyini qeyd edib.Gəncədə institutun rektoru Ramiz Məmmədovla görüşən tərəflər görüşüb, danışdıqdan sonra pulu sabiq direktora veriblər. Yaqut Sadıqlı Filyar xanım və Ağalar müəllimin dediyi kimi, 31 may 2011-ci il tarixdə “Kapital Bank”ın Şəki filialından 2080 manat pulu Ağalar Nazim oğlu Məmmədova, 900 manatı isə Filyar Kərimovaya göndərib. Bundan sonra 13 iyul tarixində Filyar Kərimovaya bank vasitəsilə bir daha 200 manat göndərilib. Ağalar Məmmədova isə təhsilhaqqı üçün 450 manat verilib.
Sentyabrın axırında Ağalar müəllim Aysel Sadıqlının adı yazılmış tələbə biletini göndərib. Bundan sonra qızın nə vaxt dərsə gedəcəyi ilə maraqlananda valideynlərə institutdan “lazım olanda çağıracağıq” deyilib. May ayına qədər övladının dərsə çağırılmadığını görən ana Ramiz Məmmədovun qəbuluna gedib. Və bundan sonra Sadıqlı Yaqut aldadıldığını anlayıb.
Yaqut Sadıqlı əməkdaşımızla söhbəti zamanı onu da bildirib ki, Ramiz Məmmədovun fırıldağı bununla yekunlaşmır. Filyar Kərimova ilə Ramiz Məmmədov əlbir olaraq, bir neçə şəxsi aldadıb. Valideyn dəfələrlə 126 saylı məktəbin müəlliməsi ilə əlaqə saxlayıb, pulunu tələb etsə də, Filyar Kərimova hər dəfə fərqli bəhanələrlə bundan boyun qaçırır.
Yaqut Sadıqlı məlum məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etsə də, lazımi cavab almadığını iddia edir. Ramiz Məmmədovun işinin məhkəmədə olduğunu xatırladan valideyn, bu məsələyə də baxılmasını tələb edir.
Emin Səfərov
www.yenicag.az