Yenicag.az millət vəkili, Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının sədr müavini və Yeni Azərbaycan Partiyasının Beynəlxalq əlaqələr şöbəsinin müdiri, AŞPA-nın sosial məsələlər, sağlamlıq və davamlı inkişaf komitəsinin Avropa Sosial Xartiyası üzrə Alt Komitəsinin sədri Sevinc Fətəliyevanın müsahibəsini təqdim edir:
– 2017-ci il artıq bitmək üzrədir. Bu il ölkəmizdə bir sıra sahələrdə önəmli hadisələr baş verdi. Cari ili necə xarakterizə edərdiniz?
– Mövzuya beynəlxalq müstəvidə yanaşmaq istərdim. Bu il dövlətimiz üçün çox uğurlu oldu. Ötən illərdə olduğu kimi Azərbaycan bu il də özünü dünyada kifayət qədər rəğbət qazanan, böyük nüfuza malik olan dövlət kimi tanıtdı. Həmçinin, Azərbaycan dünyada baş verən mürəkkəb proseslər – müharibələr, münaqişələr, dini dözümsüzlük, terrorizm zamanı multikultural dəyərləri, tolerantlığı ilə özünü nümunəvi cəhətdən digər ölkələrdən fərqləndirməyi bacardı. Bununla yanaşı müsəlman ölkəsi olaraq, ölkəmizdə müxtəlif dinə məxsus insanların yaşaması və onlar üçün hər bir şəraitin yaradılması ölkəmizin nümunəviliyinin və multikultural modelinin daha bir sübutu kimi də qeyd etmək olar. 2017 həm də “İslam Həmrəyliyi ili” elan olunması ilə yadda qaldı. İstər idman, istər siyasi, istərsə də mədəni sahələrdə bir sıra beynəlxalq tədbirlər məhz Azərbaycanda keçirildi. “IV İslam Həmrəyliyi Oyunları”nı buna misal göstərmək olar. Bununla da Azərbaycan özünü İslam ölkəsinə, onun dəyərlərinə sadiq qalmaqla yanaşı, eyni zamanda inkişaf etmiş, Avropa dəyərlərini özündə birləşdirən bir ölkə kimi də nümayiş etdirdi.
Bu il beynəlxalq əlaqələr sahəsində də kifayət qədər uğur əldə edildi. Bunun üçün ilk növbədə cənab prezidentin müxtəlif ölkələrə səfərlərindən danışmalıyıq. İl ərzində həm ABŞ, həm Şərq, (Səudiyyə Ərəbistanı, Qətər), həm də Avropa ölkələrinə ( Litva, Polşa) edilən səfərlər həmin ölkələr ilə Azərbaycan arasında olan əlaqələrin gücləndirilməsinə və qarşılıqlı münasibətlərin yaradılmasına kifayət qədər yardımçı oldu. Həmçinin, ölkə rəhbərinin müxtəlif ölkələrdə keçirilən tədbirlərdə iştirakı və Azərbaycanın mühüm məsələlərinin tədbirlərdə qaldırması da ümumi fəaliyyətin müsbət göstəricilərindəndir. Bu da Azərbaycanın nüfuzunun, sözünün əhəmiyyətli olduğunun göstəricisidir. Məhz bu səbəbdən də Azərbaycan bu gün mötəbər tədbirlərdə, BMT-nin Baş Assambleyasının keçirilən sessiyalarında, Münhen Təhlükəsizlik Konfransında söz sahibi kimi çıxış edir və onun mövqeyi kifayət qədər önəmli yer tutur. Eyni zamanda bu gün dünyada mürəkkəb proseslərin baş verdiyi dövrdə həm regionda stabilliyin təmin olunması, həm Avropanın miqrasiya məsələlərində, həm də münaqişələr məsələlərində Azərbaycan təhlükəsizlik adası kimi də tanınır. Bu nöqteyi-nəzərdən deyə bilərəm ki, 2017-ci il kifayət qədər uğurlu il olub.
– Mətbuatda tez-tez Suraxanıda ailə dramlarının yaşandığı, qətl hadisələrinin və intihar hallarının baş verdiyi barədə məlumatlar yayılır. Həmin ərazidən seçilən deputat kimi bu kimi hallara münasibətinizi bilmək maraqlı olardı.
– Bu gün sadaladığınız proseslər tək Suraxanı rayonu ərazisində deyil, bütün dünyada mövcuddur. Bununla bağlı statistik rəqəmləri sizə deyə bilmərəm, amma Suraxanı rayonunda müsbət irəliləyişə doğru gedən işlər digər rayonlardan heç də geri qalmır. Bununla bağlı da insanların sosial rifahının yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər görülür. Təbii ki, müəyyən problemlər mövcuddur və bunlar dövlət proqramları çərçivəsində tədricən həll olunur. İlk günlər seçicilər daha çox yerin asfalt örtüyü, kanalizasiya və su ilə bağlı problemlərlə müraciət edirdilər. Bunlar artıq öz həllini tapıb. Hazırda ən çox şikayət səhiyyədən və işsizlikdəndir. Bu məsələlərin də həllində əlimizdən gəldiyi qədər köməklik göstəririk.
– Azərbaycanda fiziki təcavüzə, zorakılığa, cinsi istismara məruz qalan qadınların sayı kifayət qədərdir və bu illər ərzində artmağa doğru gedir…
– Zorakılıq ümumiyyətlə ümumbəşəri problemdir. AŞPA-nın iclaslarında uşaqlara, qadınlara qarşı edilən zorakılıq halları ən çox müzakirə olunan məsələlərdən biridir. Bu problem hər bir ölkədə mövcuddur. Zorakılıq dedikdə, bir neçə forması haqqında danışmalıyıq. Xüsusilə də qadınlara və uşaqlara qarşı edilən fiziki və psixoloji zorakılıq halları daha çox baş verir. Bu cür xəbərlərə mətbuatda tez-tez rast gəlirik. Düşünürəm ki, bu mövzuda ən mühüm məsələ qadınların öz hüquqlarını bilməsi və onların təhsildən yayınmamasıdır. Çünki hər hansısa gənc qız təhsil alırsa, bilik-bacarıqları varsa, sabah o, fiziki zorakılığa dözməz və öz həyatını başqa cür qura bilər. Bunun üçün erkən nikah mövzusuna toxunmaq lazımdır. Regionlarda valideynlər qızlarını tez ərə verir və təhsil almadan, bilik sahibi olmadan başqa ailəyə köçürürlər. Məhz bundan sonra bəzi problemlər yaranmağa başlayır. Düşünürəm ki, sosial işçi institutunun yaradılmasına ölkəmizdə ehtiyac var. Əgər həmin institut yaradılarsa, zorakılığa məruz qalan şəxs vasitəçi kimi müraciət edə və problemin aradan qaldırılmasında mühüm rol oynaya bilərdi. Həmçinin, psixoloji reabilitasiya mərkəzlərinin açılması da vacib məsələlərdəndir. Bununla da uşaqlar, qadınlar həmin mərkəzlərə gələrək, məsləhət ala bilərlər.
– AŞPA-da ən çox müzakirə olunan məsələlərdən biri Dağlıq Qarabağ probleminin həlli olsa da hələ ki, bu istiqamətdə istənilən irəliləyişə nail ola bilməmişik.
– Ümumiyyətlə, bu, beynəlxalq təşkilatlarda Azərbaycan nümayəndə heyəti üçün əsas prioritet məsələdir. Azərbaycan nümayəndə heyəti hər bir fürsətdən istifadə edərək, həm komitənin, həm də Assambleyanın iclaslarında Dağlıq Qarabağ münaqişəsinin, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında , Xocalı soyqırımı haqqında mövzuları qabardaraq, müzakirə mövzusuna çevirməyi bacarırlar. Həmçinin, bu ilin iyul ayının 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisini atəşə tutması nəticəsində 1967-ci il təvəllüdlü Sahibə Quliyeva və onun nəvəsi 2 yaşlı Zəhra Quliyevanın öldürülməsi çıxışlarımızda və müzakirələrimizdə çox böyük yer tutdu. Çünki bunun əks-sədasını yaratmalı və dünyaya çatdırmalıydıq. Buna da nail olduq. AŞPA ermənilərin məlum vəhşiliyindən xəbərdar oldu. Düşünürəm ki, hər bir millət vəkili, nümayəndə heyətinin üzvü öz fəaliyyəti zamanı Dağlıq Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında işlər görməlidir. Hazırda Ermənistanın danışıqlardan qaçması, sülh məsələsinə biganəliyi artıq onun günahıdır. Məhz buna görə də biz çıxışlarımızda Dağlıq Qarabağ məsələsi ilə yanaşı Ermənistanın qeyri-konstruktiv mövqeyindən də danışırıq.
Elvin Paşazadə
www.yenicag.az