!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Seçkilərə qatılmaqda əsas məqsədim ölkədə aparılan islahatlara dəstək verməkdir” – Vüqar Məhərrəmov

!Reklam – Yazi

“Azərbaycan islahatların yeni mərhələsinə qədəm qoyub və bu islahatlar uğurlu nəticələr verməkdədir”.

Yenicag.az 27 saylı Sabunçu İkinci Seçki Dairəsindən deputatlığa namizəd Vüqar Məhərrəmovla müsahibəni təqdim edir.

– Vüqar müəllim, 27 saylı Sabunçu İkinci Seçki Dairəsindən deptatlığa namizədsiniz. Bu vaxta qədər heç bir seçkidə iştirak etməmisiniz. Niyə məhz bu parlament seçkilərində iştirak etməyə qərar vermisiniz?

– Cənab Prezidentin son zamanlar apardığı islahatlar göz qabağındadır. Cənab Prezidentin qeyd etdiyi kimi, Azərbaycan islahatların yeni mərhələsinə qədəm qoyub və bu islahatlar uğurlu nəticələr verməkdədir. Həmçinin parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin olunması da bu islahatların tərkib hissəsidir. Özümdə güc görərək, bu çağırışa qoşuldum. Bu gün parlament seçkilərində iştirak etmək üçün özümü tam hazır bilirəm. Seçilsəm, bu işlərə daha da yaxın olacam və islahatlara əlimdən gələn dəstəyi əsirgəməyəcəm.

– Təbliğat-təşviqat kampaniyanız necə davam edir? Bu istiqamətdə hansı işləri planlaşdırırsınız?

– Bu kampaniyada əsas işimiz seçicilərimlə görüşərək, onları tanımaq,  seçki platformamı açıqlamaq və əlbəttə ki, onları narahat edən məsələləri öyrənməkdir. Namizəd olduğum dairədən məni kifayət qədər yaxşı tanıyırlar. Çalışacam ki, bu müddət ərzində sıx görüşlər keçirim, seçicilərin problemlərini dinləyim, onları narahat edən məsələlərin həlli istiqamətində indidən müəyyən işlər planlaşdırım.

– Sizin dairədə 14 deputatlığa namizəd qeydə alınıb. Təbii ki, digər namizədlər də seçilmək üçün müəyyən kampaniya aparacaq, seçicilərə müxtəlif  vədlər verəcəklər. Maraqlıdır, nəyə görə seçici məhz sizə səs verməlidir? Sizi başqa namizədlərdən fərqləndirən cəhət nədir?

– Yaxşı sualdır. Mən özüm də bu addımı atmazdan öncə bu haqda fikirləşmişdim. Namizədlərin hər birini özümə rəqib bilirəm. Fərqim ondan ibarətdir ki, mənim iş və həyat təcrübəm daha böyükdür. Fikrimcə, apardığım işlər və olan bacarığım mənə böyük üstünlüklər verir. Bununla yanaşı, kəndlərdə yaşayan sakinlərlə sıx əlaqəm var, qohumlarım, əcdadlarım məhz o kəndlərdə yaşayıb boya-başa çatıblar. Kənd sakinləri ilə mütəmadi təmasda oluram, onların gündəlik problemləri ilə bağlı məlumatlıyam. İndi də düşünürəm ki, bu insanları parlamentdə təmsil edə bilərəm.

– Siz ixtisasca əczaçısınız. Deputat seçildiyiniz təqdirdə siyasətə qoşulmaq sizin üçün çətin olmayacaq ki?

– Xeyr, heç bir çətinlik olmayacaq. Mən uzun müddət dövlət və özəl qurumlarda çalışdığım üçün demək olar ki, hər gün müəyyən işlərlə qarşılaşırdım. Topladığım həyat təcrübəsi mənə imkan verir ki, siyasətlə məşğul olaraq, bir çox müasir yenilikləri həyata keçirim. Əczaçılıq özü də bir siyasətdir. Bu gün özümü siyasət üçün tam hazırlıqlı hesab edirəm.

Öz seçicilərinizə nə kimi tövsiyələriniz var?

– İlk öncə seçicilərimi bu seçkilərdə aktiv iştirak etməyə çağırıram. Mən özüm bilirəm, hansı yükün altına girmişəm. Bilirəm ki, Bakı kəndlərində olan seçicilər digər ərazilərdə yaşayan seçicilərdən fərqlidirlər. Xahiş edərdim ki, bütün seçicilər səsvermədə aktiv iştirak etsinlər. Şuarım bundan ibarətdir : “Seçkilərə gəl, İslahatlara səs ver”. Seçicilərim mənə səs verdikləri halda, əmin ola bilərlər ki, mən onları layiqincə təmsil edəcəm.

Deputat seçiləcəyiniz təqdirdə ilk olaraq hansı işləri görməyi düşünürsünüz? Siz hansı sahələr üzrə çıxış edəcəksiniz? Sizcə, hazırda nəyə daha çox təlabat var?

– Dövlət başçısı və Birinci vitse prezident tərəfindən ölkəmizdə bir sıra mühüm işlər həyata keçirilir. Biz Prezidentin siyasətinin təməlində vətəndaşın dayandığını görürük. Son illər Bakı kəndlərində bir sıra infrastruktur layihələri həyata keçirilib. Doğrudur, müəyyən yerlərdə yenidənqurma işləri hələ davam edir, amma ümumilikdə kəndlərdə yolların çəkilməsini, işıqlandırılmasını görürük. Doğrudur, müəyyən yerlərdə problemlər qalmaqdadır. Əsas problemlərdən biri işsizlik və sosial təminatla bağlı olan problemlərdir. Seçiləcəyim təqdirdə mən ilk öncə bu problemləri tribunadan səsləndirəcəyəm.  Bununla yanaşı, mən əczaçı olduğum üçün bu sahədə olan yenlikləri tətbiq etməyi düşünürəm. Bilirsiniz, əczaçılıq özü böyük bir strategiyadır. Onun özünəməxsus yanaşmaları var.  Hazırda bu sahədə müəyyən boşluqlar var ki, o boşluqları aradan qaldırmaq lazımdır.Deputat seçiləcəyim təqdirdə təhsil sahəsinə də böyük önəm verəcəyəm. Bilirsiniz ki, Bakı kəndlərində təhsillə bağlı müəyyən problemlər mövcuddur. Qızlarımızın təhsil almasında müəyyən çətinliklər var. Bütün bu problemlərin həlli istiqamətində zəruri işləri həyata keçirməyi düşünürəm.

– Uşaq pulunun verilməsi və təqaüd yaşının qaldırılması kimi məsələlər cəmiyyətdə geniş müzakirə olunur. Bu məsələlərlə bağlı  Sizin mövqeyiniz necə olacaq?

– Şəxsən mən uşaq pulu ilə bağlı məsələyə müsbət baxıram. Deputat seçiləcəyim təqdirdə bu məsələni də parlament tribunasından səsləndirməyi düşünürəm.  Lakin təqaüd yaşının qaldırılmasına müsbət hal kimi baxmıram. Müəyyən pillədə təqaüd yaşına məhdudiyyət qoymaq lazımdır.

Vüqar müəllim, seçicilərə namizədlərinin tərcümeyi-halı da çox maraqlıdır. Özünüz haqda nə məlumat verə bilərsiniz?

– Mən  1970-ci il 16 iyul tarixində Bakı şəhərində ziyalı ailəsində anadan olmuşam. 1977 – 1987-ci illərdə Bakı şəhəri, Binəqədi rayonunda yerləşən 83 saylı məktəbdə tam orta təhsil almışam. 1987 – 1992-ci illərdə Azərbaycan Tibb Universitetində təhsil alaraq, Əczaçı ixtisasına yiyələnmişəm. Azərbaycan Tibb Universitetinin  Əczaçılığın texnologiyası, təşkili və iqtisadiyyatı kafedrasının bir sıra dərc olunmuş elmi məqalələrin və tezislərin müəllifiyəm. Ə.Əliyev adına Həkimləri  Təkmilləşdirmə İnstitutunda əczaçıların təkmilləşməsi kurslarını bitirmişəm. Beynalxalq Əczaçılıq Assosiasiyasının (International Pharmaceutical Federation –  FIP) üzvü, Azərbaycan KOB Əczaşılıq Assosiasiyasının (Birliyinin) təsisçilərindən biri və İdarə Heyətinin sədriyəm.

1990-cı ildə 9 saylı aptekdə internatura keçəndən sonra, 1992-1993-cü illərdə 431 saylı aptekin müdir müavini, 1993-1996-cı illərdə FMS “Orbita-Servis”in müdiri vəzifəsində çalışmışam. 1995-ci ildə Ümumdünya Səhiyyə Təşkilatının xətti ilə Azərbaycan Səhiyyə Nazirliyinin əczaçılıq üzrə eksperti kimi Kopenhagendə ezamiyyətdə olmuşam. 1996-2000-ci  illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Baş Apteklər İdarəsində baş əczaçı, 2001–2006-cı  illərdə  Sabunçu rayon İcra Hakimiyyətində böyük referent vəzifəsində çalışmışam – III-cü dərəcəli dövlət qulluqçusu dərəcəsi qazanmışam. Sabunçu rayonu İcra Hakimiyyətinin Bakıxanov qəsəbəsi üzrə nümayəndəliyi, sədr müavini vəzifəsində çalışmışam. 2007-2009-cu illərdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzinin Dərmanların keyfiyyətinə nəzarət şöbəsinin müdiri, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin direktor müavini vəzifələrini icra etmişəm.

Bildiyimiz qədər Siz həmçinin bir sıra böyük şirkətlərdə rəhbər vəzifələrdə də çalışmısınız...

– 2010-cu ildən bəri “Transservis” MMC-nin (Gömrük broker sistemi) “Azterminal”  departamentinin, Bölgələrlə əlaqə departamentinin və Xarici əlaqələr departamentinin direktoru, “Azərsun” Holdinqin nəzdində “Proserve” şirkətində Baş nəzarətçi, “Azərsun” Holdinqin İnzibati-təsərrüfat şöbəsinin müdiri, Qazaxıstan Respublikasının Aktau şəhərində  “Azərsun” Holdinqin  Logistika mərkəzində proyekt icra rəhbəri, “Avromed” QSC-də baş auditor, “VİTA aptekləri şəbəkəsi” MMC-nin direktoru, “Dokta” MMC-nin direktoru vəzifələrində çalışmışam. 2018-ci ilin  iyul ayından bu günə kimi “ Yurd Pharma” MMC-nin direktor müavini vəzifəsini icra edirəm.

Seçki qərargahınız harada yerləşir?

– Qərargahımız Kürdəxanı kəndində poçtun yaxınlığında yerləşir. Hər bir seçici, kənd sakini istədiyi vaxt qərargahımıza müraciət edə bilər. Mən deputat seçiləcəyim təqdirdə qərargahım 5 il müddətində həmin ünvanda fəaliyyət göstərəcək. Deputat seçiləcəyim təqdirdə digər kəndlərdə də sakinlərin üzünə hər zaman açıq olan qərargahlarımızın yaradılmasını planlaşdırırıq. Özüm seçicilərimlə həmin qərargahlarda mütəmadi şəkildə görüşərək, onları dinləməyi  düşünürəm.

www.yenicag.az

2583
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv