“Sədərək”dəki yanğından SONRA: Zərərçəkənlərə kompensasiyanı KİM ÖDƏMƏLİDİR?
“Azərbaycanda obyektlərin yanğından sığortalanması ilə bağlı sığorta mədəniyyəti tam formalaşmayıb”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında Respublikaçı Alternativ Partiyasının Siyasi Komitəsinin sədri, iqtisadçı Natiq Cəfərli bildirib.
İqtisadçı dünən “Sədərək” Ticarət Mərkəzi ərazisində yerləşən “Super Toys” oyuncaq şirkətinin anbarında baş verən yanğında dəymiş maddi zərərin kim tərəfindən ödənilməli olduğunu şərh edib.
Onun sözlərinə görə, əgər yanğına məruz qalmış şirkətlərin sığortası varsa, bunu sığorta şirkəti ödəməlidir:
“Lakin mən düşünmürəm ki, Azərbaycanda çox təəssüf ki, obyektlərin yanğından sığortalanması ilə bağlı sığorta mədəniyyəti tam formalaşmayıb. İş adamları da, dövlət orqanları da buna barmaqarası baxırlar. Ona görə də, əgər şirkətin sığortası yoxdursa, bu böyük bir problemə çevriləcək. Bu zaman sahibkarlara dəyən ziyanın məhkəmə qərarları ilə ödənilməsi mümkündür”.
N. Cəfərli qeyd edib ki, məsələ məhkəməyə qədər gedəcəyi halda dəymiş zərərin kim tərəfindən ödənilməsindən asılı olmayaraq proses bəzən aylarla, illərlə davam edə bilər:
“Yanğının səbəbkarı kimdirsə, hansı səbəbdən törədilibsə, həmin şirkətdən və ya bu dövlət orqanlarının günahıdırsa, dövlət orqanlarından məhkəmə qərarı ilə kompensasiya ödənilməsi mümkündür. Bu da bəzən aylar, illər çəkir. Ona görə də təəssüf ki, əgər həmin yanğına məruz qalan şirkətin sığortası yoxdursa, bu prosesin çox uzun çəkəcəyi gözlənilir”.
Nurlan Cəfəri