Səfirlər İmişlidə
Rusiya Federasiyasının və Belarus Respublikasının ölkəmizdəki səfirləri Vladimir Doroxin və Nikolay Patskeviç İmişli rayonunda olublar.
Qonaqlar əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Sonra səfirlər İmişli şəhərindəki 5 nömrəli texniki təmayüllü məktəb-liseydə olublar. Həm rus, həm də Azərbaycan bölmələrinin fəaliyyət göstərdiyi məktəbdə şagirdlər qonaqlara rus dilində Rusiya Federasiyasının və Belarus Respublikalarının tarixi və mədəniyyəti haqqında məlumat veriblər.
Səfirlər rus bölməsi şagirdlərinin dərslikləri ilə də tanış olublar.
Şagirdlərin rus dilində səlis danışmaları səfirlərdə xoş təəssürat oyadıb.
Diplomatlar şəhərdəki 4 nömrəli uşaq bağçası və körpələr evində yaradılan şəraitlə tanış olublar.
İmişli şəhərindəki Heydər Əliyev Mərkəzində müharibə veteranları və rus icmasının nümayəndələri ilə keçirilən görüşdə çıxış edənlər Rusiya ilə Azərbaycan arasında mövcud olan dostluq və qardaşlıq əlaqələrindən danışıb, bu münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıblar.
Belarus Respublikasının ölkəmizdəki səfiri Nikolay Patskeviç Böyük Vətən müharibəsində alman faşizmi üzərində Qələbənin 69-cu ildönümü ilə bağlı veteranların bir qrupuna medalları təqdim edib.
Görüşdə çıxış edən İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev hər iki ölkə ilə Azərbaycan arasındakı dostluq əlaqələrindən danışıb.
Səfirlər ölkələrimiz arasında olan dostluq əlaqələrindən, əməkdaşlıqdan məmnun olduqlarını ifadə edərək Azərbaycanda rus dilinə olan marağın bu əlaqələrin daha da möhkəmlənməsinə öz təsirini göstərdiyini diqqətə çatdırıblar.
(azertag.com)