Səhm bazarı, yoxsa investisiya imitasiyası? - Kapital bazarının acı reallığı

media-hightechnic-468x90

2026-cı ilin yanvar ayı üzrə investisiya şirkətlərinin səhm əməliyyatları açıq şəkildə bazardakı passivliyi ortaya qoyur. Rəqəmlər göstərir ki, aktivlik bir neçə şirkətin üzərində cəmlənib, digərləri isə faktiki olaraq bazardan kənarda qalıb.

Bir neçə aktiv oyunçu, çoxlu “sıfır” nəticə

Yenicag.az-ın Valyuta.az-a istinadən məlumatına əsasən, ay ərzində ən yüksək səhm dövriyyəsi “ABB İnvest İnvestisiya Şirkəti” QSC-yə məxsus olub. Şirkətin səhm əməliyyatlarının həcmi 762 min manat təşkil edib. İkinci yerdə 717 min manatla “Troni İnvestisiya Şirkəti” QSC qərarlaşıb. İlk üçlüyü isə 160,7 min manatlıq dövriyyə ilə “Unicapital İnvestisiya Şirkəti” ASC tamamlayıb.

Bu üçlükdən sonra rəqəmlər kəskin şəkildə azalır. “CPM-İnvest İnvestisiya Şirkəti” QSC cəmi 120 min manatlıq əməliyyat aparıb. “İnvest-Az İnvestisiya Şirkəti” QSC-nin göstəricisi 84,6 min manatla məhdudlaşıb. “CFI Financial İnvestisiya Şirkəti” QSC isə ayı cəmi 34,1 min manatlıq səhm dövriyyəsi ilə başa vurub.

Bazardan kənarda qalanlar

Daha diqqətçəkən məqam isə bir sıra investisiya şirkətlərində ümumiyyətlə səhm dövriyyəsinin qeydə alınmamasıdır. “Assist Finance İnvestisiya Şirkəti” ASC, “İnno Kapital İnvestisiya Şirkəti” ASC, “Capital Partners İnvestisiya Şirkəti” QSC, “Xalq Kapital İnvestisiya Şirkəti” QSC və “MFX Trading İnvestisiya Şirkəti” yanvar ayında səhm bazarında görünməyib. Siyahıda yer alan “Xalq Bankı” ASC üzrə də səhm əməliyyatı qeydə alınmayıb.

Nəticə

Ortaya çıxan mənzərə açıq-aşkardır: bu siyahı investisiya bazarından çox, vitrin üçün saxlanılan şirkətlərin reyestrini xatırladır. Bir neçə aktiv oyunçu bütün dövriyyəni daşıyır, qalanların isə adı var, izi yoxdur. Ay ərzində bir manat da səhm əməliyyatı aparmayan investisiya şirkətləri bazar iştirakçısı deyil, kağız üzərində mövcud olan qurumlardır.

Bu vəziyyət kapital bazarının inkişafı ilə bağlı deyilən optimist bəyanatları ciddi şəkildə şübhə altına alır. Əgər investisiya şirkəti bazarda alqı-satqı etmir, investor cəlb etmir və real dövriyyə yaratmırsa, onun fəaliyyəti nəyə xidmət edir? Sual sadədir, cavab isə narahatedicidir: nəzarət zəifdir, rəqabət formal xarakter daşıyır, bazar isə dar bir çevrənin nəzarətində qalıb.

Bu cür passivlik davam etdikcə, səhm bazarı iqtisadiyyatın mühərriki yox, statistik hesabatlarda doldurulan boş qrafaya çevriləcək. Adların çoxluğu inkişaf demək deyil. İnkişaf real əməliyyat, real pul və real etibar tələb edir. Bu üçü yoxdursa, investisiya bazarı da yoxdur.

İqtisadiyyat şöbəsi
Yenicag.az

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05