Şəkidə regional konfrans keçirilir
Oktyabr ayının 27-də Şəkidə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Şimal-Qərb bölgəsində fəaliyyət göstərən dini icma sədrləri, imam və axundlar, eləcə də fəal dindar və ilahiyyatçılar üçün “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda iki günlük regional konfrans işinə başlayıb.
Dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsi, dini maarifləndirmə işinin təşkili və aparılması, həmçinin dini icmaların cəmiyyətdə radikalizm meyllərinin qarşısının alınması və sosial problemlərin həlli prosesinə cəlb olunması məqsədilə keçirilən regional konfransın açılış mərasimində DQİDK-nın sədri Mübariz Qurbanlı, Şəki əhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin məsləhətçisi Sərraf Hüseynov, millət vəkili Yaqub Mahmudov, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Qəmərxanım Cavadlı iştirak ediblər.
Daha sonra Komitə sədri Mübariz Qurbanlı Şəki İslam mədrəsəsində, Şəki Cümə məscidində, Şəki İmam Əli məscidində olub. Mədrəsənin müəllim və tələbələri, dini icma üzvləri ilə görüşüb.
Konfransın açılış mərasimini yekunlaşdıran DQİDK-nın sədri Mübariz Qurbanlı konfransın əhəmiyyətindən və ölkəmizdəki dövlət-din münasibətlərindən ətraflı danışaraq bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xalqımızın milli-mənəvi dəyərlərinə qayıdışı sürətlənib. O, bu istiqamətdə Heydər Əliyevin müstəsna xidmətlərini qeyd edib və hazırda prezident İlham Əliyevin milli-mənəvi dəyərlərimizin, dinimizin inkişafı istiqamətində həyata keçirdiyi işlərdən danışıb. (qafqazinfo.az)