Şəkidə teatr festivalı başa çatıb
Xarici ölkələrin və ayrı-ayrı bölgələrimizin teatr kollektivləri çıxış edərək festivala öz töhvələrini verdilər. Bağlanış Ə.Haqverdiyevin “Kimdir müqəssir?” əsərinin tamaşası ilə olub.
Festivalın sonuncu günü Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında ilk öncə mədəniyyət və turizim nazirinin müavini Ədalət Vəliyev və Şəki Şəhər icra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək festivalın ərsəyə gəlməsində əziyyəti olan hər kəsə təşəkkür ediblər. Daha sonra xalq artisti, Dövlət mükafatı laureatı Lütfəli Abdullayevin 100 illik yubileyi münasibəti ilə aktyorun canlandırdığı rollardan hazırlanmış film nümayiş olunub.
Festivalın bağlanışı isə Azərbaycan Dövlət Musiqili Teatrının aktyorlarının ifasında Əbdürəhim bəy Haqverdiyevin “Kimdir müqəssir?” komediyası ilə olub. Tamaşanın sonunda kollektivə festivalın təşkilatçı qurumlarının diplomları xalq artisti, Azərbaycanın Dövlət mükafatı laureatı, Üzeyr Hacıbəyov adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli və Şəki şəhər İcra Hakimiyyəti başçısının müavini Zərinə Cavadova tərəfindən təqdim olunub. Festivalın bağlanış mərasimində açıqlama verən Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov bildirib ki, bu, hələ son deyil.
Şəki hələ bir çox festivallara ev sahibliyi edəcək. Qeyd edək ki, Şəki Beynəlxalq Teatr Festivalının hər iki ildən bir keçirilməsi nəzərdə tutulub. (milli.az)