“Bu prosesdə çətinliklər çoxdur. Təəssüflər olsun ki, istər bələdiyyələr, istərsə də vətəndaşlar tərəfindən müəyyən nöqsanlara yol verilib. Vətəndaş düşünməlidir ki, torpaq alıb ev tikirsə, qanuni olmalıdır”.
Bunu “Unikal”a açıqlamasında deputat Tahir Rzayev sənədsiz evlərin nə zaman sənədləşdirilməsinə başlanacağı ilə bağlı suala cavabında deyib. Deputat bildirib ki, yüksək gərginlikli elektrik xətlərinin altında, iri qaz borularının yaxınlığında, neft şirkətinə məxsus torpaqlarda evlər tikilib:
“Bunlar ümumi bəlamızdır. Vətəndaş fikirləşmir ki, burada uzun müddət yaşayacaq? Bu sadaladığımız yerlərdə evin olması təhlükəlidir. Bunu vətəndaş da, ona həmin yeri satan da fikirləşməyib. Neçə bələdiyyə sədri tutulub. Bunlar hamısı həmin problemdir. Dövlət başçısı dəfələrlə göstəriş verib, Milli Məclisdə bununla bağlı məsələ qaldırılıb. Bu istiqamətdə iş gedir. Amma elə olmalıdır ki, vətəndaşların da təhlükəsizliyi təmin olunsun. Yuxarıda qeyd etdiyimi evlərdə yaşamaq olmaz. Dövlət bunu qanunlaşdıra bilməz ki, həmin şəxs orada yaşasın. Həmin yerdə yaşayan vətəndaşa bir şey olanda onu sənədləşdirən şəxs məsuliyyət daşıyacaq. Müəyyən məsələləri həll etmək çətindir. Ona görə bu işlər yubanır.
Bəzi vətəndaşlar isə kənd təsərrüfatı təyinatlı torpaqlarda ev tikiblər. Min hektarlarla kənd təsərrüfatı təyinatlı torpaqlarda tikinti aparılıb. Bu, düzgün deyil. Biz kənd təsərrüfatının inkişafından danışırıq. Əgər orada ev tikilibsə, harda məhsul istehsal etmək olar? Hökumətin bu barədə qərarları var. Bunlar həyata keçiriləcək. Konkret nə zaman olacağını demək çətindir”.
www.yenicag.az