Separatçılar hərbi hissəyə hücum etdi-Video
Ukraynanın Luqansk vilayətində rusiyameyilli silahlı separatçılar Sərhəd Dəstəsinin hərbi hissəsini ələ keçirməyə çalışır.
Hücum yerli vaxtla 00:30 radələrindən başlayıb. Əvvəlcə təxminən 100 nəfər yaxın silahlı şəxs hərbi hissəyə hücum edib.
Hücum edənlər avtomat və qumbaralardan istifadə ediblər. Niyyətlərinə çatmayan separatçılar toplanaraq, yenidən yerli vaxtla saat 04:00 radələrində hücuma keçiblər. Hücum təxminən 40 dəqiqə davam edib. Hər iki halda hücum dəf edilib.
Lakin səhər saat 07.00 radələrində silahlılar təkrar hücuma başlayıblar. Bu dəfə yaxınlıqdakı hündür mərtəbəli yaşayış binalarında mövqe tutan separatçılar sərhədçilərə snayperlərdən atəş açmağa başlayıblar.
Hərbi hissənin ərazisində yanğın ocaqları yaranıb. Sərhədçilər arasında yaralananlar var. Terrorçular sərhəd dəstəsinə silahlı müdaxiləni davam etdirir. İlkin məlumata görə, hücum edənlərin sayı 400 nəfərə yaxındır.
Əldə olunan informasiyaya görə, terrorçular hərbi hissə yaxınlığında olan yaşayış evlərinə də daxil olaraq, buradan sərhədçilərə atəş açırlar. Bu isə sərhədçilərin qarşılıq verməsinə maneə yaradır. Silahlı qüvvələrin digər qoşun növlərindən sərhədçilərə kömək daxil olmayıb.