Serial bazarında MONOPOLİYA: Rol gözləyə-gözləyə qocalan AKTYORLAR
Son vaxtlar film və seriallarda demək olar ki, eyni aktyor və aktrisaları görürük. Kənardan belə təəssürat yaranır ki, sanki Azərbaycanda aktyor qıtlığı yaşanır.
Yenicag.az-a açıqlamasında tanınmış rejissor Tahir Tahiroviç bu fikirlə razılaşmadığını bildirib.
Ölkədə kifayət qədər aktyorların olduğunu deyən rejissor film və serial sektorunda eyni simaların daha çox çəkilməsinin səbəblərini açıqlayıb:
“Serial bazarında 50-60 faiz eyni kompaniyalar, eyni rejissorlar fəaliyyət göstərir. İstər prodüser, istər rejissor kimi. Hərənin də necə deyərlər, öz çevrəsi var. Düşünmürəm ki, bu, Azərbaycanda aktyor bazası azdır deyə vəziyyət belədir. Xeyr, elə deyil. Azərbaycanda yetərincə aktyor sənəti ilə məşğul olan böyük bir zümrə var. Azərbaycan teatrı və kinosu yaranandan ta bəri aktyorlar hər zaman yüksək səviyyədə öz sözlərini deyiblər. Yəni bunun aktyor sayının azlığı ilə qətiyyən əlaqəsi yoxdur. Dediyim kimi, bu sektorda 50-60 faiz eyni adamlar olduğu üçün film və seriallarda da eyni simalar çəkilir”.
Cəvahir