“Mahiyyət etibarilə, Vergi Məcəlləsinin daim sərtləşdirilməsi artıq geridönməz tendensiya halını alıb”.
Bu fikirləri vergi qanunvericiliyinə edilən yeni dəyişikliklər və digər hüquq pozuntularına görə maliyyə sanksiyalarının artırılması təklifini dəyərləndirən iqtisadçı Əkrəm Həsənov Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, müvafiq cəzaların sərtləşdirilməsi vergi orqanlarının daha çox vəsait toplamaq istəyindən qaynaqlanır:
“Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər hələ dərc olunmayıb və bu hal kobud qanun pozutusu sayılır. “İctimai iştiraklılıq haqqında” qanuna görə, Milli Məclisə daxil olan istənilən qanun layihəsi müvafiq komitəyə göndərilməzdən öncə onun saytında dərhal dərc olunmalıdır. Bu da ictimaiyyətin layihə ilə tanış olmasına və müzakirələrdə iştirak etməsinə şərait yaradır.
Məsələnin ikinci tərəfinə gəldikdə, mahiyyət etibarilə, Vergi Məcəlləsinin daim sərtləşdirilməsi artıq geridönməz tendensiya halını alıb. Bəzən bir-iki nüansda yumşadılma olsa da, ümumilikdə məsuliyyət məsələləri ancaq sərtləşməyə doğru gedir. Bu da vergi orqanlarının daha çox vəsait toplamaq istəyindən qaynaqlanır. Yəni bu orqanın ancaq “alan əl”i var.
Təbii ki, vergi qanunvericiliyinə dəyişikliklər müntəzəm xarakter alsa da, ödəyicilər hər zaman vergidən yayınmaq üçün müəyyən yollar axtarırlar. Bəzən belə faktlar aşkarlanmadıqda, vətəndaş və sahibkarların əsassız olaraq vergi yükü artırılır. Son vaxtlar belə halların çoxaldığı müşahidə olunur. Ancaq bu kimi hallar dünyanın əksər ölkələrində yaşanır”.
Yusif Səmədzadə
www.yenicag.az