"Səs" qəzetinin bağlanması İDDİASI: Baş direktor mətbuatda yayılan xəbərlərə aydınlıq gətirdi
“Səs” qəzeti fəaliyyətini dayandırmayacaq”.
Bunu Yenicag.az-a “Səs” İnformasiya Agentliyinin (SİA) baş direktoru Bəhruz Quliyev deyib.
B. Quliyev qəzetin bağlanması barədə yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini vurğulayıb:
“Qəzetin bağlanmasından söhbət gedə bilməz. Sadəcə olaraq, restrukturizasiya və optimallaşdırma ilə bağlı kollektivlə müzakirələr apardıq. Qəzetin həftədə bir dəfə çıxış rejiminə keçməsi nəzərdə tutulur. İstər-istəməz gündəlik qəzetin həftəlik nəşrə keçməsi kollektivin azaldılmasını zəruri edir.
“Səs” qəzeti tarixi qəzetdir, dövlətçiliyin ideoloji əsaslarını yaratmış bir nəşrdir. Hesab edirəm ki, bu qəzet fəaliyyətini davam etdirəcək. “Səs” Media Qrupu da öz işinə davam edir və bu qərarın media qrupuna heç bir aidiyyatı yoxdur.
Qəzetə gəlincə, yanvar ayından etibarən həftədə ən azı bir dəfə, maliyyə resurslarımız araşdırıldıqdan sonra isə, ola bilsin ki, iki dəfə çap edilsin. Həftədə bir dəfə nəşr rejiminə keçidlə bağlı qərar artıq verilib”.
Nurlan Cəfəri












