Səsi ilə taleyini DƏYİŞƏN MƏŞHUR - Vaxtsız dayanan ÜRƏK

media-hightechnic-468x90

 

Bənzərsiz səs, ürəkləri riqqətə gətirən qeyri-adi, təkrarolunmayan tembr… Düz deyiblər ki, səsin də rəngi olur. Onun da səsinin rəngi, rəng çalarları var idi. O səs əlvanlığı, ürəyəyatımlığı ilə hər zaman seçilib, ruhumuza sığal çəkib, əsrarəngizliyi ilə insanları valeh edib. Min səs içindən ayırd etmək olurdu ki, bu səs ona məxsusdur.

Söhbət Həsən Əblucdan gedir. Bu gün onun doğum günüdür. Sağ olsaydı, 83 yaşını tamamlayacaqdı. Amma vaxtsız əcəl onu sənət dünyasından çox erkən yaşlarında apardı. Ürəyi ona naxələf çıxdı və 51 yaşında ürək tutmasından dünyasını dəyişdi.

Danılmaz faktdır ki, Azərbaycanda adını qiraət ustadı kimi tarix yazdıran 3 böyük bədii qiraətçi olub: Kazım Ziya, Müxlis Cənizadə, bir də Həsən Əbluc.

Gənc Tamaşaçılar Teatrında fəaliyyət göstərib, bir çox tamaşalarda yaddaqalan obrazlar yaradıb. Ürəyinin təmizliyi, mərhəməti ilə seçilib. Hər zaman özündən yaşca gənc aktyorlara yol açar, qarşılarında yaşıl işıq yandırardı. Ona həvalə olunan baş rolları gənc həmkarlarına verərmiş ki, onlar da səhnədə öz sözlərini deyə bilsinlər. Belə bir ürəyin sahibi idi Həsən Əbluc.

Qısa ömür yolunda çoxşaxəli yaradıcılığı ilə fərqlənib. Televiziya tamaşalarında oynayıb, kinostudiyada film dublyajlarında iştirak edib. Milli kinomuzun bir çox inciləri var ki, məhz onun bənzərsiz səsi ilə yaddaşlara həkk olunub.

Həsən Əbluc təkcə qiraət ustası deyildi. Onun adı Azərbaycan kino tarixinə həm də gözəl obrazları ilə yazılıb.

“Dantenin yubileyi”, “Qanlı zəmi”, “Pəncərə”, “Tənha narın nağılı” və neçə-neçə filmlərdə rol alıb.

Bu gün yeriniz çox görünür, o bənzərsiz səsiniz üçün çox darıxmışıq, Həsən Əbluc.

Cəvahir

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600