Səudiyyə Ərəbistanında diplomatik MƏŞVƏRƏT: "Qısa müddətdə tam nəticə əldə etmək çətin olsa da..."
“Hakan Fidanın təşəbbüslərinin uğuru regional daxili siyasi dinamika, xarici təsirlər və beynəlxalq dəstək kimi bir çox amillərdən asılıdır”.
Bunu Yenicag.az-a açıqlamaslnda türkiyəli siyasi ekspert Sena Parlar deyib.
O, Türkiyənin XİN rəhbəri Hakan Fidanın Səudiyyə Ərəbistanında körfəz ölkələrindən olan həmkarları ilə görüşlərinin pərdəarxası detallarını şərh edib.
Ekspert bildirib ki, Hakan Fidanın Səudiyyə Ərəbistanında keçirdiyi görüşlər Orta Şərqin mövcud siyasi mühitində olduqca kritik bir mərhələyə təsadüf edir:
“Türkiyənin bölgədə həm tarixi, həm də strateji əlaqələri nəzərə alındıqda bu cür diplomatik təmasların yalnız regional ölkələrə deyil, eyni zamanda, qlobal güclərə də mesaj verdiyini demək mümkündür. Prezident Rəcəb Tayyib Ərdoğanın “sülh əli uzatma” siyasəti Türkiyənin xarici siyasətində mühüm xətt kimi çıxış edir və bu yanaşma bölgədə sabitliyə töhfə verən ciddi öhdəlik kimi qiymətləndirilə bilər.
Orta Şərqdəki münaqişələrin kökü təkcə regional deyil, həm də qlobal maraqların toqquşmasına dayanır. Türkiyə güclü diplomatik strategiya vasitəsilə bu mürəkkəb münasibətlər sistemində vasitəçi rolunu üzərinə götürə bilər. Hakan Fidanın bölgə ölkələrinin xarici işlər nazirləri ilə apardığı danışıqlar Türkiyənin sülh yönümlü təşəbbüslərini təqdim etmək baxımından əhəmiyyətli imkan yaradır.
Bununla belə, müharibələrin dayandırılması yalnız diplomatik səylərlə deyil, həm də tərəflərin maraqları, təhlükəsizlik narahatlıqları və ideoloji fərqlilikləri ilə sıx bağlıdır. Səudiyyə Ərəbistanı və İran kimi güclü regional oyunçuların yer aldığı bir mühitdə sabitliyin təmin edilməsi olduqca çətin prosesdir.
Buna baxmayaraq, Türkiyənin bu istiqamətdə göstərdiyi qətiyyət həm region xalqları üçün ümid yaradır, həm də ölkənin beynəlxalq nüfuzunu gücləndirir. Hakan Fidanın təşəbbüslərinin uğuru isə regional daxili siyasi dinamika, xarici təsirlər və beynəlxalq dəstək kimi bir çox amillərdən asılıdır. Qısa müddətdə tam nəticə əldə etmək çətin olsa da, atılan hər diplomatik addım sülhə doğru mühüm irəliləyiş kimi qiymətləndirilə bilər”.
Nəsimi Ələsgərli













