“Son günlər çox halsızam, bronxlarım xəstədir. İllərdir ki, bu xəstəlikdən əziyyət çəkirəm”.
Yenicag.az xəbər verir ki, bunu Azvision.az -a açıqlamasında tanınmış kinorejissor Əbdül Mahmudov (Şeyx Əbdül) deyib.
Xalq artisti hazırda ev şəraitində müalicə aldığını bildirib: “Soyuqlamışam, bronxlarım xəstədir, nəfəs ala bilmirəm, boğuluram. Heç halım yoxdur. Ev şəraitində müalicə alıram. İllərdir ki, bronxlarımdan əziyyət çəkirəm. Belə məqamda koronavirusun yayılması mənim üçün çox böyük riskdir. Kəndə gedə bilmirəm. Mənə hava lazımdır. Allah bu bəlanı bizim üstümüzdən tez yox etsin. Ancaq insanların karantin günlərində məsuliyyətsiz davranışları məni məyyus edir.
Dünən aptekə dərman almağa getmişdim. 18- 19 yaşlı oğlanlar maskasız küçələrdə gəzirlər. Deyirəm, ay bala, niyə maska taxmırsınız? Gülürlər, ələ salırlar, deyirlər, müəllim, boş-boş şeylərdir, yalan deyirlər. Bir inamsızlıq sindromu var. Hörmətsizlik, məsuliyyətsizlik təbliğatı aparılır. Bəzən efirə çıxanların özü sosial məsafəni saxlamır, maskadan istifadə etmir. Bunu niyə elə edirlər, maraq nədir, baş açmıram”.
Xalq artisti xatırladıb ki, ölkəmizdə ən çox yoluxma paytaxtda müşahidə olunur: “Çünki Bakı boğulur, nəfəs almır. Bu qədər tikinti olar? Koronavirusla mübarizənin bir nömrəli düşməni havasızlıqdır. Şəhərin köhnə məhəllələri parka çevirilməlidir. “Sovetski” görün nə gözəl açıldı.
Camaatı kəndlərə, rayona qaytarmaq və torpağa sevgini öyrətmək lazımdır. Bəlkə bir milyon insan rayonlardan gəlib Bakının küçələrində günəmuzd işləyir. Onlara kəndlərdə, rayonlarda yaşamaq üçün şərait yaradılmalı, işlə təmin olunmalarına kömək edilməlidir. Bundan sonra Bakıda sıxlıq bir az azalar. Əks təqdirdə ayağı yer tutan qaçıb şəhərə gələcək. Çayxanalarda, küçələrdə qanunu pozan, maska taxmayanlar da rayondan gələnlərdir”.
www.yenicag.az