Şeyxlə Komitə sədri arasında gizli savaşın şifrələri…

media-hightechnic-468x90

Hacı Əbdül Elşad İskəndərova kimin təlimatı ilə hücuma keçdi?

ANS-in Hesabatı ilə başlayan “dini kompromat savaşı” davam etməkdədir. Şərti olaraq, “Şeyxleaks” adı verilən və Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadəni hədəf seçən kompromatlar yatan vulkanın oyandığını göstərirdi. Neçə illər öncə baş verənlərin təkrar gündəmə gətirilməsinin səbəbi budur. Ancaq bütün bu yazıların müəllifləri iddia olunduğu kimi vəhhabilərdirmi? Şeyxin zəiflədilməsini istəyən qüvvələrin heçmi rolu yoxdur?

Şeyx nədən naxçıvanlı olmasın?

Hələ mərhum Heydər Əliyevin zamanında iqtidardakı naxçıvanlıların başçısı sayılan sabiq nazir Əli Nağıyev Paşazadəyə qarşı QMİ daxili müxalifətin hamisi sayılırdı. Şeyx əleyhinə keçirilən mətbuat konfransında iştirak edən Əli Nağıyev Hacı Sabirin QMİ sədri olmasını istəyirdi. Bakı İslam Universitetinin rektoru Hacı Sabir Həsənli şeyxə qarşı güclü müxalifət sayılırdı və şeyx əleyhinə danışmasına baxmayaraq, vəzifəsində qalırdı. Lakin şeyxin çox güclü əlaqələri və bir başa Heydər Əliyev tərəfindən  dəstəklənməsi bu planın həyata keçirilməsinə mane oldu. Ancaq hakimiyyətdəki naxçıvanlılar heç vaxt Allahşükür Paşazadənin şəxsini həzm etmədilər və bu gün baş verənlər həm də o savaşın davam etdiyini göstərir.

 

Məscidlərin Şeyxin nəzarətindən çıxarılması planı

 

“Şeyxleaks”ın iddiasına görə, məscidlərin QMİ-dən alınıb, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə verilməsi gündəmdədir. Bu Şeyxə qarşı ilk rəsmi “düşmən” Rafiq Əliyevin dövründə gündəmə gətirilmişdi. Rafiq Əliyevlə şeyx arasında ilk qarşıdurma da məscidlərə nəzarət üzündən baş verdi.

“Vətəninfo”nun iddiasına görə, DQİDK-nin sədri dövlətdən tələb edir ki, QMİ çox işlərini DQİDK-ya həvalə etsin. İddiaya görə, Elşad İsgəndərov əsasən məscidlərin və məscidə təyin ediləcək imam və axundların Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə verilməsinnin tərəfdarıdır.

Lakin şeyxin bununla asanlıqla razılaşmayacağı bilindiyi üçün kompromat savaşına “yuxarı”dan “dur” tapşırığı gəlmir.

Bu  isə bir daha sübut edir ki, şeyxə qarşı başlayan “kompromat savaşı” əslində üç-dörd şalvarı qısa cavanın deyil, əksinə Paşazadəni taxtından endirmək istəyənlərin planıdır. “Dini Komitə bu planın hansı tərəfində yer alır” sualına bu gün cavab vermək tez olsa da, görünən odur ki, şeyxin rəqibləri illərdən sonra əllərinə keçən fürsəti dəyərləndirmək istəyirlər.

 

O cümlədən bəlli olur ki, bu vaxta qədər QMİ-nin daxilində doğru-düzgün müxalifət tapmayanlar sonunda istəklərinə nail olublar. Belə ki, şeyxin son açıqlamalarından sonra QMİ daxilində narazıların olduğu vurğulanır. Şeyxin sadəcə öz yerliləri tərəfindən müdafiə olunması da bunun bariz nümunəsidir.

 

Hacı Sabir şeyx ola bilərmi?

2003-cü il təkcə yeni prezidentin seçilməsi ilə əlamətdar olmadı. Həmçinin şeyx hakimiyyətdəki rəqiblərinin o zamankı durumundan istifadə edərək, özünü ömürlük şeyx seçdirdi. Normalda bu qərar nə QHT-lər, nə də dini icmalar haqqında qanuna zidd olsa da, Ədliyyə Nazirliyində təsdiqlədə bildi. Rafiq Əliyev nə qədər təzyiq göstərsə də, bunun qarşısını ala bilmədi.

Lakin o məsələnin yenidən gündəmə gəlməsi gözlənilir. Şeyxin bu dəfə hansı reaksiyanı verəcəyi bilinməsə də, artıq savaşın ilkin işartıları görünməkdədir. Belə ki, Hacı Əbdül növbəti dəfə meydandadır. Bu Şeyxin hücuma start verməyinin xəbərdarlığıdır.

Belə ki, Hacı Əbdül hər zaman şeyxə qarşı olan şəxslərlə savaşda ön sırada olub. Bu Rafiq Əliyevlə olan problem zamanı da belə oldu, şeyxlə Hidayət Orucovun arası dəydiyi zaman da o meydana çıxdı, indi də yenə meydandadır. “Reytinq” qəzetinə müsahibə verən Hacı Əbdül Elşad İskəndərovun Hidayət Orucovdan heç fərqli olmadığını bildirib: “Dini Komitə rəhbərinin dəyişməsinin heç bir əhəmiyyəti olmayıb. Dini Komitənin rəhbəri elə adam ol-malıdır ki, birinci növbədə özü dini bilməli, sevməli, öz dininə xidmət eləməlidir. Dindən xəbəri olmayan, ateistin birini Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbəri qoyanda, təbii ki, bu cür problemlər yaranmalıydı”.
Hacı Əbdülün Elşad İskəndərov haqqında dediklərinə qarşı tərəfin necə reaksiya verəcəyi sual doğurur. Ancaq həqiqət ondan ibarətdir ki, Elşad İskəndərov yeni nəsil dindarlar arasında şeyxdən daha güclüdür. Nəzərə alsaq ki, parlamentdə və YAP rəhbərliyində Siyavuş Novruzov kimi şeyx əleyhdarları var, bu komitə rəhbərinin əlini gücləndirir. Elşad İskəndərovun gücü həmdə yeni nəsil arasında nüfuzu olan Hacı Şahin Həsənli, Hacı Ceyhun Cəfərov, Hacı Zülfüqar, Mir Mehdi Dərafərin, Elşad Mustafaoğlu kimi şiə ruhaniləri öz tərəfinə çəkməyindədir. “Şeyxleaks”ın verdiyi bilgilərdən bəlli olur ki, dini sferada təbliğat aparılması üçün ayrılan puldan bir miqdarı sırf bu ruhanilərdən bəzilərinin ehtiyaclarına xərclənilib.  Belə ki, Hacı Şahinə 250 min manatlıq ev və avtomobil, Hacı Zülfüqar və Mircəfər Eyyubzadəyə yeni binada mənzil verildiyi iddia olunur. Nəzərə alsaq ki, komitə sədrinin tərəfində olan dindarlar arasında sünni cameədən Elşad Mahmudov da var və şeyxdən ilk zərbəni də o, görüb. E.Mahmudov şeyxin təlimatı ilə “İlahiyyat” məscidindən uzaqlaşdırılıb. Yəni, göründüyü kimi savaş dünən başlamayıb və uzun müddətdən bəri davam edən “soyuq müharibə” indi gün işığına çıxmaqdadır.

DSC_8797

Araşdırmalarımız davam edir…

 

Komitə sədri hansı ölkənin naziri ilə gizli danışıqlar aparıb?

Şeyxlə yanaşı İranı narahat edən görüşün şifrələri…

“Vilayəti-fəqih” konsepsiyasın Azərbaycanda hansı sürpriz gözləyir?

Sələfilər üçün hazırlanan “Troya atı” planı necə çökdü?

Bütün bunlar növbəti yazımızda…

Azerinfo.org

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600