“Siemens” Rusiyaya qarşı sanksiyaları dəstəkləyib
Almaniya və Avropa sənayesinin nəhənglərindən olan “Siemens” konserni Rusiyaya qarşı tətbiq olunan sanksiyalara ciddi əməl etmək fikrindədir.
Bunu konsernin rəhbəri Co Kezer (Joe Kaeser) deyib. Bununla da “Siemens” Rusiyada iri layihələr həyata keçirməsinə baxmayaraq, ABŞ və Avropa Birliyinin qərarlarına tabe olan ilk iri alman şirkəti olub. C. Kezer şirkətin məruz qalacağı itkilərin həcmini qiymətləndirməkdən imtina edib.
Qeyd edək ki, “Siemens” bazar qiymətləndirməsinə əsasən Almaniyanın ikinci böyük şirkətidir. Konsern Rusiyanı sürət qatarları, onların proqram təminatı, eləcə də elektrik avadanlıqları, qaz turbinləri və kompressorlarla təmin edir. C. Kezer daha əvvəl Rusiyaya səfəri zamanı Vladimir Putinlə görüşündə “qısamüddətli siyasi təzyiqlər”ə uymayacaqlarını bəyan edərək sanksiyalara qoşulmayacaqları barədə mesaj vermişdi(apa).