Şimali Kipr Türk Cümhuriyyətində səfərdə olan Türk Ağsaqqalları Birliyi – TAİB-in nümayəndələri bu ölkənin prezidenti Ersin Tatarla görüşüblər.
Prezident iqamətgahında baş tutan görüşdə Türk Ağsaqqalları Birliyinin Təşkilat Komitəsinin sədri Sudeyif İmamverdiyev, millət vəkilləri Anar İskəndərov, Ramil Həsən, Elşad Mirbəşiroğlu, TAİB-in İcra Aparatının təmsilçiləri Nicat Dağlar, Elnur Eltürk və Azərbaycan Kıbrıs Dostluq Cəmiyyətininin sədri Orxan Həsənoğlu iştirak edib.
Şimali Kipr prezidenti qonaqları salamlayaraq Azərbaycanın həm sosial-iqstisadi, həm də xarici siyasət müstəvisində güclənən mövqələrindən danışaraq əldə olunan uğurları böyük sevinc hissi ilə izlədiklərini bildirib. Azərbaycan və Şimali Kipr xalqlarının oxşar tale yaşadığını deyən Ersin Tatar qardaş ölkənin 44 günlük Vətən Müharibəsində əldə etdiyi şanlı zəfərin fəxarət hissi yaratdığını vurğulayıb. Ersin Tatar Azərbaycanın keçdiyi böyük inkişaf yolundan söz açaraq əldə olunmuş uğurların arxasında Prezident İlham Əliyevin siyasi iradəsi, sarsılmaz qətiyyəti və yüksək idarəçilik məharətini dayandığını vurğulayıb. Prezident həmçinin qeyd edib ki, Şimali Kipr Türk Cümhuriyyəti Azərbaycanla müxtəlif səviyyələrdə əlaqələrin inkişafında maraqlıdır. Humanitar sahədə bərabər çalışmalar üçün əlverilşli imkanlar olduğunu deyən Ersin Tatar türkdilli xalqlar arasında inteqrasiya prosesinin sürətləndirilməsinin əhəmiyyətindən də söz açıb. O, bu xüsusuda Azərbayanda yaradılmış Türk Ağsaqqalları Birliyinin də əlaqələrin inkişafına töhfə verə biləcəyini deyib.
Türk Ağsaqqalları Birliyi – TAİB-in Təşkilat Komitəsinin sədri, tibb elmləri doktoru Sudeyif İmamverdiyev Şimali Kipr Prezidentinə səmimi qarşılanmaya və Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı Girnə Amerikan Universitetində təşki olunmuş konfransdakı çıxışına görə təşəkkürünü bildirərək qarşılaşdıqları doğma münasibətdən məmnun qaldıqlarını deyib. Türk Ağsaqqalları Birliyinin fəaliyyəti və hədəflərindən söz açan Sudeyif İmamverdiyev qarşıdakı mərhəldə türkdilli ölkələrin vətəndaş cəmiyyəti institutları və elmi dairələri ilə birgə layihələr həyata keçiriləcəyini deyib.
Görüşdə Azərbaycan Parlamentinin təmsilçiləri Anar İskəndərov, Ramil Həsən və Elşad Mirbəşiroğlunun tarixdə yaşanmış xoşagəlməz olaylar, qlobal siyasətin ayrı-ayrı elementləri, regiondakı geopolitik maraqlar və Azərbaycanın əldə etdiyi uğurlar barədə səsləndirdikləri fikirlər Ersin Tatar tərəfindən böyük maraqla qarşılanıb. Azərbaycanın millət vəkilləri əlaqələrin inkişaf imkanlarından danışarkən təhsil sahəsində əməkdaşlığın xüsusi əhəmiyyətini önə çəkiblər.
Görüşdə Şimali Kipr Türk Cümhuriyyətinin prezidentinə Türk Ağsaqqalları Birliyinin xüsusi plaketi də təqdim olunub.
www.yenicag.az