Şimali Koreya Birləşmiş Ştatları hədələyib
ABŞ Şimali Koreyanı terroru dəstəkləyən dövlətlər siyahısına qaytarmağa çalışır
“Sony Pictures” şirkətinə kiberhücumlara görə söz atışmalarının qızışdığı bir vaxtda Şimali Koreya Birləşmiş Ştatları təfərrüatları açıqlanmayan hücumlarla hədələyib. Xəbərlərə əsasən, Şimali Koreya rəsmiləri Ağ Evə, Pentaqona və “bütün ABŞ ərazisinə” basqınlarla qorxudur. Şimali Koreya öz lideri Kim Jong-Unun ölümünü təsvir edən bədii filmlə əlaqələndirilən kiberhücumların arxasında olması barədə ABŞ-ın iddialarını rədd edir. Pxenyan əvvəllər də ABŞ-a qarşı hədələr səsləndirib. Son bəyanat Birləşmiş Ştatlar “Sony Pictures” üzərinə sürəkli hücumlara görə Şimali Koreyanı rəsmən ittiham edəndən bir neçə gün sonra verilib. “KXDR-in ordusu və xalqı kibermüharibə sahəsi də daxil olmaqla, ABŞ-la bütün müharibə növlərində qarşıdurmaya tam hazırdır”, – Koreyanın rəsmi Mərkəzi Xəbərlər agentliyinin yaydığı uzun bəyanatda deyilir. “Bizim əks-reaksiyamız Obama tərəfindən elan edilmiş “simmetrik cavab”ın hüdudlarını aşan cəsarətli bir şəkildə Ağ Evi, Pentaqonu və terrorun yuvası olan ABŞ-ın ərazisini hədəfləyəcək” – bəyanatda bildirilir. Bəyanat prezident Obamanı «Sony» üzərinə hücumun arxasında Şimali Koreyanın dayanmasına dair “məsuliyyətsiz bir şəkildə şayiə düzəltməkdə” ittihamlayır. Daha sonra bildirilir ki, Şimali Koreya «Sony» hakerlərinin harada olduqlarını bilməsə də, “onların hərəkətini tamamilə ədalətli” hesab edir.
«Şimali Koreya Cənubi Koreya və Birləşmiş Ştatlara qarşı hiddətli ritorikadan tez-tez istifadə edir və bu mənada hiddət dərəcəsində heç bir dəyişiklik olmayıb. Bu bəyanat həm daxildə, həm də xaricdə olanların istehlakı üçün nəzərdə tutulub. Bəyanatın sanbalını artıran, onun Şimali Koreyanın ən qüdrətli qurumu olan və Kim Cong Unun rəhbərlik etdiyi Milli Müdafiə Komissiyasından gəlməsidir. Bəyanatda iki arqument var: “Bunu biz etməmişik” və “amma kim edibsə, düz edib”.
Bəyanatda “Sony”yə hücumun arxasında Şimali Koreyanın olduğunu göstərən kompüter kodu əlamətlərinə dair FTB-nin arqumentləri barədə təfərrüatlı şərh verilir və bildirilir ki, belə kodlardan geniş istifadə olunur və bu, hücumda Şimali Koreyanın əli olduğunu isbat etmir.
Haker hücumu nəticəsində hələ ekranlara çıxmamış filmlər və Ceyms Bond filminin ssenarisi internetə yüklənib. Sızdırılan materiallar arasında şirkətin maliyyə sənədləri və prodüserlərlə Hollivud fiqurları arasında şəxsi elektron məktublar da var. Bu hücumun nəticəsi olaraq «Sony» Şimali Koreya liderinə sui-qəsdi təsvir edən və “Müsahibə” adlanan komediya filminin ekranlara Milad buraxılışını ləğv edib. Bu qərar «Sony»nin serverlərinə hücum etmiş və məxfi informasiyaları və emailləri sızdırmış qrupun hədələrinin ardınca verilib. Şimali Koreya hücumların arxasında olduğunu danıb və ABŞ-la birgə araşdırmanın aparılmasını təklif edib, amma Barak Obama bu təklifi rədd edib. Bazar günü CNN-ə müsahibəsində B.Obama kiberhücuma “müvafiq” cavab veriləcəyini söz verib.
Bəzi məlumatlara görə, ABŞ Şimali Koreyanın kiberhücumlarının buxovlanması üçün Çinə müraciət edib. Çin isə bildiyimiz kimi, Şimali Koreyanın yaxın müttəfiqidir və Pxenyan üzərində ən böyük nüfuza malikdir. Deyirlər ki, guya kiberhücumlar Çin qurğularından həyata keçirilib. Çin tərəf bildirib ki, hər hansı nəticəyə gəlinməsi üçün kifayətedici faktlara və sübutlara ehtiyac var. Ona görə də Çin bu məsələni faktlar əsasında, beynəlxalq və Çin qanunlarına uyğun şəkildə yoluna qoyacaq.
Xatırladaq ki, “Müsahibə” filmində Kimlə müsahibə icazəsi almış Ceyms Franko və Seth Rogen adlı iki jurnalistdən bəhs olunur. Mərkəzi Kəşfiyyat İdarəsi jurnalistləri Kimə qarşı sui-qəsdə cəlb etmək istəyir. Sony bildirib ki, filmin nümayişini ləğv etmək qərarını terror hədələrinin ardınca əksər ABŞ kinoteatrlarının bundan imtina etməsindən sonra qəbul edib.
Yeri gəlmişkən, hədə prosesinin xronikası tərtib olunub və onları diqqətə çatdıraq: Noyabrın 22-də «Sony» şirkətinin kompüter sisteminə haker müdaxiləsi baş verir və kino ulduzları barədə pərtlik yaradan elektron məktublar və şəxsi məlumatlar faş olur.
Dekabrın 7-də Şimali Koreya kiberhücumun arxasında olduğu barədə ittihamları rədd edir, lakin bu hücumu “düzgün əməl” adlandırır.
Dekabrın 16-da “Sülhün keşikçiləri” haker qrupu filmi nümayiş etdirəcək kinoteatrların üzərinə 11 sentyabr basqınlarına bənzər hücum ediləcəyi ilə hədələyir, filmin Nyu-York premyerası ləğv olunur.
Dekabrın 17-də ABŞ-ın aparıcı kinoteatr şirkətləri filmi göstərməyəcəklərini bildirirlər və «Sony» Milad buraxılışını ləğv edir.
Dekabrın 19-da FTB haker hücumunun Şimali Koreya tərəfindən təşkil olunması barədə nəticəyə gəlir. Prezident Obama “Sony”nin filmi nümayiş etdirməmək qərarını “səhv” adlandırır.
Dekabrın 20-də Şimali Koreya ABŞ-la birlikdə haker hücumunun araşdırılmasını təklif edir və bu təklif ABŞ tərəfindən rədd olunur…
Bu arada ABŞ və BMT Təhlükəsizlik Şurasının Qərbdən olan üzvləri Şimali Koreyada insan haqlarının vəziyyətini qətiyyətlə tənqid ediblər. Bundan əvvəl keçirilən səsvermədə Çinin etirazlarına baxmayaraq, Şimali Koreyanın məsələsi Təhlükəsizlik Şurasının gündəliyinə salınıb.
ABŞ-ın BMT-dəki səfiri Samanta Podver Şimali Koreyanı “yaşayan dəhşət” adlandırıb və «Sony» şirkətinə qarşı haker hücumlarının ABŞ-la birgə araşdırılması üçün Pxenyanın təklifini “cəfəngiyyat” kimi rədd edib. Şimali Koreyanın məsələsinin Təhlükəsizlik Şurasının gündəliyinə salınması ilə bağlı BMT-də nadir hallarda ehtiyac olan əlavə səsvermə proseduru keçirilib. Buna səbəb bu məsələnin, ümumiyyətlə, gündəliyə daxil edilməsinə Çinin etirazı idi. Məsələnin gündəliyə salınmasına 11 səs verilib. Çin və Rusiya Şimali Koreyanın müzakirə olunması təklifinin əleyhinə çıxıblar. Təhlilçilər bildirirlər ki, BMT TŞ-də buna bənzər son səsvermə 2006-cı ildə Birma məsələsinin gündəliyə salınması üçün lazım gəlib. Şimali Koreya məsələsində yenilik ondan ibarətdir ki, əvvəllər Pxenyanın yalnız nüvə proqramı müzakirəyə çıxarılıbsa, indi bu ölkədə insan haqlarının vəziyyəti də müzakirə olunacaq.
Səsvermədən əvvəl Çinin BMT-dəki səfiri Liu Jieyi deyib ki, “Təhlükəsizlik Şurası insan hasqları kimi məsələnin müzakirəsi üçün forum deyildir”. Səfirin fikrincə, “TŞ mövcud eskalasiyanı gücləndirən hər hansı təşəbbüslərdən çəkinməlidir”. Səsvermədən dərhal sonra başlanan müzakirədə Avstraliya səfiri Qari Quinlan TŞ-nin qərarını “tarixi addım” adlandırıb: “KXDR özünün və hakimiyyətdə olan təhdidçi hərbi aparatının mövcudiyyətini saxlamaq üçün öz vətəndaşlarına qarşı zorakılıq və repressiyalara əl atan totalitar bir dövlətdir. Rejimin öz xalqına qarşı cinayətləri sözün əsl mənasında səbatsız ölkə yaradıb”.
TŞ-də bazar ertəsi keçirilmiş iclasdan əvvəl, ötən həftənin cümə günü Baş Assambleya Şimali Koreyanın insanlığa qarşı cinayətlərinə görə Beynəlxalq Cinayətlər Məhkəməsinə verilməsinə baxılmasını rica etmişdi. Bu cinayətlər barədə BMT hesabatı bu ilin fevralında açıqlanıb. Şimali Koreyanın diplomatları iclasın işində iştirak etməyiblər. Pxenyan bildirir ki, insan haqlarına dair hesabat yalanlar üzərində qurulub və ölkənin «Sony»yə haker hücumu ilə heç bir əlaqəsi yoxdur. S.Pover iclasda Şimali Koreyanın düşərgələrindən qaça bilənlərin dəhşətli şəhadətlərindən misallar gətirib. Pxenyan bu iddiaların da qondarıldığını deyir. “22 nömrəli həbs düşərgəsinin sabiq keşikçisi Ahn Myong Çul məhbusların tez-tez zorlandıqlarını bildirib, – deyib Podver, – belə hadisələrdən biri zamanı zorlanmadan hamilə qalan qadının doğduğu körpəni itlərə yedizdiriblər”.
Xanım Podver həmçinin «Sony» şirkətinə haker hücumunun birgə araşdırılması üçün Şimali Koreyanın təklifini rədd edib. Şimali Koreya təklifinin rədd olunacağı təqdirdə ABŞ-a hücum edəcəyi ilə hədələmişdi. ABŞ səfiri BMT İnsan Haqları Komissiyasının tövsiyələrini nəzərə alaraq, Şimali Koreyanın Beynəlxalq Cinayətlər Məhkəməsinə verilməsinə çağırıb. BMT komissiyasının hesabatında bildirilir ki, Şimali Koreyanın həbs düşərgələrində törədilən işgəncə, aclıq və qətlləri yalnız faşist dövründə baş verənlərlə müqayisə etmək olar. Baş katibin insan haqları üzrə köməkçisi İvan Simonovic deyib ki, hər hansı ölkənin cinayətləri barədə bu qədər geniş hesabat TŞ-yə ilk dəfədir təqdim olunur. Təhlilçilər TŞ-dəki müzakirələrin Şimali Koreyanın soyqırım və bəşəriyyətə qarşı cinayətlərə baxan BCM-ə verilməsi ilə nəticələnəcəyinə inanmırlar. Onların fikrincə, Çin TŞ-nin qərarına veto qoya bilər.
(hafta.az)