“Kalmaegi” qasırğası Vyetnamı cənginə aldı
Filippində 140 nəfərin ölümünə səbəb olan “Kalmaegi” qasırğası hazırda Vyetnamı cənginə alıb.
Yenicag.az “VnExpress” portalına istinadən xəbər verir ki, qasırğa Zyalay və Daklak əyalətlərini vurub.
Vyetnam hakimiyyəti ölkənin mərkəzi hissəsində 530 mindən çox insanı təxliyə edib. Güclü külək ağacları aşırıb və çoxsaylı binaların damlarını uçurub. Zyalay əyalətində təxminən 200 min abunəçi elektriksiz qalıb.
Axtarış və xilasetmə əməliyyatları üçün 260 mindən çox Vyetnam əsgəri cəlb edilib.
Bundan əlavə, ölkə hakimiyyəti altı hava limanını bağlamaq qərarına gəlib. Qapanmanın yüzlərlə uçuşa təsir edəcəyi gözlənilir.
Yerli meteorologiya xidmətləri yaxın saatlarda yeddi şəhər və əyalətdə daşqın, eləcə də torpaq sürüşməsi riskləri barədə xəbərdarlıq edir./Report/












