Ermənistan parlamentinin sədri Alen Simonyan və onun komandası Lüksemburqa, oradan isə Belçikaya yola düşüb. Səfərin əsas maliyyə mənbəyi isə dövlət büdcəsi olub.
Yenicag.az xəbər verir ki, bu barədə “Joqovurd” nəşri məlumat yayıb.
Qəzet yazır ki, səfərin məqsədi barədə rəsmi sənədlərdə hər hansı bir məlumat yer almasa da, məlumdur ki, Simonyanın nümayəndə heyətində nə müxalifət nümayəndələri var, nə də parlamentdəki yaxın siyasi tərəfdaşları. Bildirilir ki, yalnız iki iqtidar partiyasının (Vətəndaş Müqaviləsi – “VM”) deputatı səfərdə yer alıb.
Nəşr Ermənistan parlamentinin rəsmi mənbələrinə istinadən qeyd edib ki, Alen Simonyan fevralın 3-5-də özünü rəsmi səfərə “göndərərək” Lüksemburqa yollanıb, fevralın 6-8-də isə Brüsseldə olacaq.
KİV əlavə eidb ki, parlament sədrinin 11 nəfərlik rəsmi nümayəndə heyətində cəmi iki deputat var: biri Arman Yeğoyan, digəri isə Simonyanın keçmiş köməkçisi Hasmik Hakobyan. Digər heyət üzvləri isə Simonyanın ofisinin əməkdaşlarıdır: fotoqraf, operator, mətbuat katibi, protokol şöbəsinin mütəxəssisi və rəhbəri, xarici əlaqələr şöbəsinin mütəxəssisi və rəhbəri, eləcə də protokol üzrə məsləhətçi Aşxen Hayrapetyan.
Məlumata görə, siyahıdakı şəxslərdən yalnız beşinin xərclərini Lüksemburq qarşılayıb, digər altı nəfərin səfər xərcləri isə Ermənistanın dövlət büdcəsindən ödənilib. Brüsselə edilən üçgünlük səfərin maliyyələşdirilməsi isə tamamilə Ermənistan vergiödəyicilərinin hesabına baş tutub. Bu səfərə daha bir “VM” deputatı – Sarkis Xandanyan da qoşulub. O, Brüsselə bir gün əvvəl çatacaq.
Ümumilikdə 12 nəfərlik nümayəndə heyətinin səfər xərcləri – yolpulu, rəsmi görüşlər üçün təqdimat xərcləri, gündəlik ezamiyyət və üç günlük mehmanxana ödənişləri – Ermənistan dövlət büdcəsi hesabına qarşılanıb.
Qəzet yekunda vurğulayıb ki, 12 nəfərlik nümayəndə heyətinin Lüksemburq və Brüsselə hansı məqsədlə getdiyi və bu səfərin nə kimi fayda verəcəyi, yalnız səfər başa çatdıqdan sonra bəlli olacaq:
“Hazırda məlum olan isə odur ki, Alen Simonyan Ermənistan parlamentini şəxsi istəklərinə uyğun bir quruma çevirib və onun “12 nəfərlik nümayəndə heyəti” ifadəsi reallıqda yalnız 2-3 “VM” deputatını əhatə edir. Onlar isə bütün parlament adından çıxış edəcəklər”.
Rafi Müslümov
www.yenicag.az