Simonyanın adamını Rumıniyadan QOVDULAR
Rumıniya hakimiyyəti “Russia Today” telekanalının müxbiri Çey Bouzu saxlayaraq ölkədən deportasiya edib. Jurnalist Buxarestə prezident seçkilərini işıqlandırmaq məqsədilə gəlmişdi.
Yenicag.az RT-yə istinadla xəbər verir ki, Bouz Dublindən Buxarestə tamamilə qanuni yolla səfər edib.
Lakin Rumıniya paytaxtında onu altı təhlükəsizlik əməkdaşı təyyarədən çıxarıb. Bir neçə yoxlama və dindirmədən sonra ona hakim möhürü olduğu iddia edilən sənəd təqdim edilib. Həmin sənəddə deportasiyanın “əsasları” göstərilib. Hakimiyyət orqanları jurnalistin dövlət təhlükəsizliyi üçün “təhdid” təşkil etdiyini bildirib.
Müxbirə həmin sənədi nə şəkil çəkməyə, nə də surətini götürməyə icazə verilməyib. Hətta Avropa İttifaqı vətəndaşı olmasına baxmayaraq, Avropa ölkəsinə girişinə də qadağa qoyulub.
“Bu, həm mənim, həm də jurnalistlərin hüquqlarının ciddi şəkildə pozulmasıdır”, – deyə Çey Bouz bəyanatında bildirib.
Məsələ ilə bağlı RT-nin baş redaktoru Marqarita Simonyan da münasibət bildirib:
“Müxbirimiz Çey Bouz Rumıniyadan deportasiya olunub və məcburən İstanbula uçub. Rumıniya hakimiyyətinə görə, o, guya dövlət üçün təhlükə imiş. Halbuki açıq deməliydilər ki, seçkilərin onlara lazım olan nəticəsini işıqlandırmaq istəyirlər”.
Qeyd edək ki, Rumıniyada prezident seçkiləri mayın 4-nə təyin olunub.