“Qəbul imtahanlarından əvvəl sınaq imtahanlarında iştirak etmək mütləqdir. Belə imtahanlar təhsil prosesində mühüm rol oynayır və şagirdlərin inkişafı üçün bir sıra əhəmiyyətli üstünlüklər təmin edir”.
Bu sözləri Yenicag.az-a açıqlamasında təhsil eksperti Rizvan Fikrətoğlu deyib.
Onun sözlərinə görə, sınaq imtahanlarının faydaları çoxdur:
“Belə ki, abituriyentlər sınaq imtahanlarında iştirak etdikdə imtahan mühitindəki nizam-intizam qaydalarını, düzgün vaxt ölçüsünü, abituriyentin qəbul imtahan prosesinə adaptasiya olmasına, təcrübə toplamasına şərait yaradır. Bu imtahanlar real imtahan şəraitini simulyasiya etdiyi üçün şagirdlərin stress və həyəcanla mübarizə aparma qabiliyyətini artırır. Beləliklə, onlar əsas imtahan zamanı daha inamlı və rahat olurlar. Bundan əlavə, imtahan vasitəsilə öyrənilmiş mövzular təkrarlanmasında və möhkəmləndirilməsində sınaq imtahanlarının əhəmiyyəti böyükdür”.
Təhsil eksperti qəbul imtahanından çətin və ya daha asan tərtib olunan sınaq imtahanlarının fəsadlarından da danışıb:
“Təbii ki, qəbul imtahanından çətin və ya daha asan tərtib olunan sınaq imtahanın fəsadları da var. Çünki belə sınaq imtahanından yüksək nəticə göstərdikdə abituriyentdə özünəinam, aşağı nəticə göstərdikdə isə motivasiya düşkünlüyü müşahidə olunur. Buna görə də bütün kursların təşkil etdiyi sınaq imtahanlarında iştirak məcburi deyil. Araşdırılmalı və daha çox Dövlət İmtahan Mərkəzinin qəbul səviyyələrini əhatə edən sınaq imtahanlarına gedilməlidir. Yaxşı olardı ki, abituriyentlər Dövlət İmtahan Mərkəzinin (DİM) təşkil etdiyi sınaqlarda iştirak etsinlər. Lakin DİM-in təşkil etdiyi sınaq imtahanları az olduğu üçün özünü doğrultmuş kursların sınaqlarında da iştirak etməyi tövsiyə edirəm”.
Mayıl Soltanov
www.yenicag.az