Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən aksiz markası ilə markalanmalı olan məhsulları belə marka olmadan satma, satış məqsədi ilə saxlama, eyni zamanda Azərbaycan Respublikasının gömrük ərazisinə gömrük qaydaları pozulmaqla gətirilən müxtəlif markalı siqaretləri Azərbaycanda realizə edən Masallı rayon sakini barədə əməliyyat məlumatı daxil olub.
Dövlət Gömrük Komitəsindən daxil olan məlumata görə, əməliyyat məlumatı əsasında həmin şəxslərin müəyyən edilərək saxlanılması məqsədilə zəruri əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Masallı rayonunda keçirilən əməliyyat nəticəsində 2 nəfər Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və onlardan birinin idarə etdiyi “Vaz-21063” markalı minik avtomobilindən 80 000 ədəd siqaretlər aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
www.yenicag.az