“Sizə bu ölkədə yaşamaq olmaz”

media-hightechnic-468x90

wVətəndaş və İnkişaf Partiyasının (VİP) nəzdində fəaliyyət göstərən Bakı Kəndlər İcmasının (BKİ) sədri Məmmədəli İsmayılov hökumətin “Sovetski” məhəlləsindəki camaatın həyatını cəhənnəmə döndərdiyini deyir.

Müsahibəsində evlərin söküntü qərarından sonra “Sovetski” məhəlləsi sakinlərinin dözülməz vəziyyətə düşdüyünü deyən Bakı Kəndlər İcmasının (BKİ) sədri Məmmədəli İsmayılov səlahiyyət sahiblərinin bir çox məsələyə aydınlıq gətirməli olduğunu vurğulayıb.

– Bakı kəndlərinin təşkilatlandırılmasına və paytaxtətrafı yaşayış məntəqələrinin problemlərinin həllinə çalışan bir neçə qurum mövcuddur. Belə olan halda Bakı Kəndlər İcmasının yaradılması hansı zərurətdən irəli gəldi?

– Doğrudur, siz dediyiniz kimi, sırf Bakı kəndləri sakinlərinin istər ictimai-siyasi fəallığının artırılması, istərsə də mədəni-humanitar sahələrdə inkişafını nəzərdə tutan bir neçə təşkilat yaradılıb. Onların adını çəkməyə ehtiyac görməsəm də, həmin təşkilatlar var və onların fəallıq göstəriciləri müxtəlifdir. Bakı Kəndlər İcmasının yaradılmasını zəruri edən təbii şərtlər olmasaydı, yəqin ki bu fikrə düşməzdik. Həmin səbəblərdən biri Bakı kəndlərini əhatə edən məlum təşkilatların fəaliyyətinin qaneedici səviyyədə olmamasıdır. Yəni özünüz də görürsünüz ki, Bakı kimi zahirən böyüyən, məhşur sözlə desək, analoqsuz inkişaf edən şəhərin bir addımlığında yerləşən kəndlər inkişaf baxımından hansı səviyyədədirlər. Mən qalan məsələləri qeyd etmədən, sadəcə sosial-iqtisadi problemləri qabartmaq istərdim. Əslində isə bütün sahələr üzrə Bakı kəndlərinin problemləri çox aktualdır. Amma kəndlərdəki işsizlik, təbii qazla təmin olunmamaq, təhsilin aşağı səviyyəsi mədəni həyatın ölgünləşməsi və digər problemlər təcili həllini gözləyir. Yenə deyirəm, söhbət hansısa ucqar, əlçatmaz yaşayış məntəqəsindən deyil, Bakı kəndlərindən gedir. Düzdür, Bakı kəndlərində də müəyyən dekorativ işlər görülür. Amma həmin işlər sadaladığım problemlərin həlli üçün yetərli deyil. Ona görə də dediyim məsələlərin həllinə kömək etmək istəyən həmfikirlərin iştirakı ilə Bakı Kəndlər İcmasını yaratmağa qərar verdik. Hazırda təşkilatlanma işlərimiz davam edir və eyni zamanda, problemlərin həlli üçün zəruri araşdırmalar aparılır. Amma təəssüf ki, Bakı kəndlərinin problemlərini həll etməmiş, şəhərin köklü sakinlərinin yaşadığı ərazilərin, xüsusilə də “Sovetski” adlanan tarixi məhəllənin sökülməsi qərarı əlavə çətinliklər yaradıb. Bilirsiniz ki, həmin məhəllənin sakinləri bu və ya başqa formada Bakı kəndləri ilə əlaqəli insanlardır.

– Yeri gəlmişkən, hökumətin “Sovetski” məhəlləsinin sökülməsi ilə bağlı sakinlərlə razılığa gəldiyi deyilirdi. Vəziyyət indi necədir?

– Hökumətin kiminlə razılığa gəldiyini deyə bilmərəm. Ola bilər ki, hökumətin ərazinin kvadrat metri üçün təklif etdiyi 1500 manat kimləri isə qane etsin. Amma sakinlərin böyük əksəriyyəti həmin qiymətə qətiyyən razı deyil. Mən başa düşmürəm, əgər “Sovetski” kimi şəhərin mərkəzində yerləşən ərazi hökumət mülkiyyətində olsaydı, o torpaqları özəl mülkiyyətçilərə hansı qiymətlərə satardı? Təbii ki, bazar qiymətinə. Belə olan halda, sakinlərə kvadrat metr üçün 1500 manat təklif etmək nə deməkdir? Həm də nəzərə alın ki, oradakı evlərin əksəriyyəti heç də genişsahəli deyil. Elə evlər var ki, cəmi 10-15 kvadratdır. Amma kiçikliyinə və çətinliyə baxmayaraq, o evlərdə insanlar yaşayır və kiməsə minnətçi düşmürlər. İndi isə bu söküntü məsələsinin ortaya çıxması onların başını kötüyün üstünə qoymaq kimi bir şeydir. 10 kvadrat metr evi olan sakin ona kompensasiya kimi verilən maksimum 15 min manatla harada və necə məskunlaşa bilər? Hökümətdən bir nəfər səlahiyyətli şəxs çıxsın, bu suala cavab versin, camaat da işini bilsin. Onsuz da hamının problemləri başından aşır. Əhaliyə əlavə çətinliklər yaratmaq – hətta çətinlik də yox e, yaşayış imkanından məhrum etmək istəyənlər nəyə nail olmağa çalışırlar. Hökumət vətəndaşı normal işlə təmin etmir, vətəndaşın sosial müdafiəsini təmin etmir, iqtisadi-siyasi fəaliyyətə imkan verilmir… İmkan verin, camaat öz daxmasında kasıbçılığınnı eləsin də… Siz bunların şüurundakı kommersiya çevikliyinə baxın. Demək, mən hesablamışam, hökumət və ya o ərazilərə sahiblənmək istəyən işbazlar 1500 manata əldə edəcəkləri hər kvadrat metr üçün az qala milyonlarla manat gəlir götürəcəklər. Belə ağıllıdırlar, ya camaatı bu qədər avam yerinə qoyurlar? Yenə deyirəm, “Sovetski” sakinləri bu qiymətdən çox narazı və narahatdırlar. Mən bilmirəm, bizə belə şərtlər təklif edən Azərbaycan vətəndaşı olan həmin nazirlər, məmurlar özləri bu vəziyyətdə olsaydılar, öz təkliflərini necə qarşılayardılar?

– Amma hökumət rəsmiləri bəyan ediblər ki, kvadrat metr üçün 1500 manat real rəqəmdir və dəyişməyəcək..

– Əgər həmin rəqəm dəyişməyəcəksə, inanın ki, bu, əksər sakinlər üçün fəlakətə bərabər bir vəziyyət olacaq. Hökumət təklif etdiyi qiymətləri artırmasa, bunun mənası o olacaq ki, ya gedin özünüzü dənizə atın, ya da ki sizə bu ölkədə yaşamaq olmaz. İnanmasam da, ümid etmək istəyirdim ki, hökumət “Sovetski” camaatının vəziyyətini nəzərə alacaq. Amma bu gedişlə hökumətin bizə dediyi şərtləri dəyişməyə hazırlaşdığı hiss olunmur. Əksinə, narazı sakinləri geri çəkilməyə məcbur eləmək üçün bəzi yerlərdə, suyu, qazı, işığı kəsib onları sıxışdırmaqla məşğuldurlar. Bu hökumət öz vətəndaşları ilə hətta feodallardan da betər üsullarla davranır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600