“Snapback” mexanizmi İŞƏ DÜŞÜR: İranı sanksiyalar və hərbi zərbə GÖZLƏYİR?
“ABŞ, Böyük Britaniya, Fransa və Almaniya avqustun sonuna kimi İrana vaxt veriblər”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Xəqani Cəfərli deyib.
Analitik İranın Fordo nə Natanzdakı nüvə obyektlərinin İsrail tərəfindən vurulmasından sonra Tehran hakimiyyətinin aparacağı siyasəti, eləcə də prosesləri şərh edib.
Onun sözlərinə görə, İran həmin müddətə qədər nüvə sazişi ilə razılaşmasa, Avropa ölkələri BMT Təhlükəsizlik Şurasının 2015-ci il nüvə sazişinə əsasən, İrana qarşı ləğv edilmiş bütün sanksiyalarını bərpa etmək üçün “snapback” mexanizmindən istifadə etmək niyyətindədir:
“Bu mexanizm oktyabr ayına qədər istifadə oluna bilər və həmin ay Rusiya Təhlükəsizlik Şurasında rotasiya qaydasında sədrlik edəcək. Qərb ölkələri sədrlik Rusiyaya keçmədən bunu etmək istəyirlər. “Snapback” aktivləşdirildikdə, BMT Təhlükəsizlik Şurası 30 gün ərzində İrana qarşı sanksiyaların yumşaldılmasına davam edib-etməmək barədə qərar verməlidir. Bunun üçün ABŞ, Rusiya, Çin, Böyük Britaniya və ya Fransanın veto qoymaması lazımdır. Qətnamə qəbul olunmasa, sanksiyalar bərpa olunacaq. Yəni, İranın sanksiyalardan yayınmaq üçün bir faiz də şansı qalmayacaq”.
“Bu, eyni zamanda İrana qarşı yeni hərbi əməliyyatları da legitimləşdirəcək. Belə məlumatlar var ki, tərəflər artıq bu ehtimalın gerçəkləşməsinə hazırlaşırlar. Çox böyük ehtimalla, İrana qarşı hərbi əməliyyatlar sentyabrın ilk yarısında baş verəcək. Əlbəttə, İran geri addım atıb nüvə sazişi ilə razılaşsa, bütün bunlar baş verməyəcək. Yəni indi hər şey Tehranın qərarından asılıdır. Tehranda isə iki hakimiyyətlilik yaranmağa başlayır və bu qərarların qəbuluna mənfi təsir edə bilər”, – deyə o, fikirlərini yekunlaşdırıb.
Rafi Müslümov