SOSİOLOQ: Qızlarımız əcnəbi oğlanlarla evliliyə can atır, çünki...
“Daha çox qızlarımız əcnəbi oğlanlarla evliliyə can atır. Bu da onların əcnəbi oğlanların daha yenilikçi və daha müasir düşüncəli olmasını hesab etdiklərindən irəli gəlir. Buna görə də öz millətimizdən olan oğlanlarla münasibət qurmaq yerinə əcnəbi vətəndaşlarla münasibət qurmağı və münasibəti inkişaf etdirməyi hədəfləyirlər”.
Bunu Yenicag.az-a “Sağlam Cəmiyyət” Hərəkatının eksperti, sosioloq Lalə Mehralı bu il Azərbaycan vətəndaşları ilə əcnəbilər arasında 1500-dən çox nikah bağlanması ilə bağlı statistikanı şərh edərkən deyib.
Onun sözlərinə görə, bir çoxu bu addımı ölkədən getmək, digərləri fərqli mədəniyyətlər görmək arzusu ilə atır, bəzilərində isə bu, təhsil və iş həyatını daha rahat şəkildə reallaşdırmaq məqsədi daşıyır.
Sosioloq qeyd edir ki, əcnəbi gəlin gətirən gənclərimiz də çoxdur:
“Onlar yaşadığı, işlədiyi, təhsil aldığı ölkələrdə qızı görür, tanış olur, sevir və evlənir”.
Sosioloq bu tendensiyanın təhlükəli olmadığını bildirib:
“Əgər bu izdivac möhkəm ailə bağlarına əsaslanırsa, bir-birlərinin dəyərlərinə hörmət edirlərsə, milli adət-ənənələrini qarşılıqlı hörmət çərçivəsində qoruyub saxlayırlarsa, əcnəbilərlə ailə qurmaq pis hal kimi qələmə verilməməlidir. Bu hal bütün millətlərə, ölkələrə xasdır. Gənclərin daha fərqli formada ailə qurması, fərqli millətlərlə tanışlığı, tanışlıqların nəticəsi olaraq evlilik qurması təhlükəli vəziyyət deyil”.
Qeyd edək ki, bu ilin 9 ayında Azərbaycan vətəndaşları ilə əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər arasında 1570 nikah bağlanıb. Ədliyyə Nazirliyinin məlumatına görə, onlardan 858-i Azərbaycan vətəndaşı olan kişi, 712-si isə qadındır. Məlumata görə, daha çox Rusiya, Türkiyə, Gürcüstan, Ukrayna, Qazaxıstan, Pakistan vətəndaşları ilə nikah bağlanıb.
Cəvahir